Bahar Muradova: “Onlar işlərini elə qursunlar ki, fraksiya yarada bilsinlər”
5 May 2014 17:16 Siyasət"Parlamentdə fraksiyaların yaradılma prinsipinin dəyişdirilməsinə, sayın azaldılmasına ehtiyac görmürəm. Çünki qanunlar, qaydalar uzunmüddətli dövr üçün müəyyənləşdirilir". Bunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, MM-də fraksiyaların yaradılma qaydası müəyyənləşdiyi üçün artıq mövcud siyasi qüvvələr də öz imkanlarını artıraraq ona uyğunlaşmağa çalışmalıdırlar. "Biz qaydaları şəxslərə və siyasi qüvvələrə görə uyğunlaşdırmalı deyilik. Artıq bu müəyyənləşib, yəni, konstitusion qaydada hər kəsin səlahiyyəti müəyyənləşib. Daxili nizamnamə ilə də bu səlahiyyətlər çərçivəsində işlər necə qurulmalıdır, biz artıq onu müəyyənləşdirmişik. Qoy siyasi qüvvələr çalışsınlar, işlərini elə qursunlar ki, parlamentə seçilə bilsinlər və parlamentin içərisində də işlərini elə qursunlar ki, o fraksiyanın təşkili mümkün olsun. Özü də fraksiyalar mütləq partiya mənsubluğu ilə qurulmur ki, kimlərsə bu qədər sayda seçilsinlər və yaxud da bu qaydanı onun sayına uyğunlaşdıraq".Vitse-spiker həmçinin deyib ki, fraksiyalara müxtəlif siyasi qüvvələr də yığışa , bitərəflər də cəlb oluna bilər: "Qoy elə adamlar tapılsın və onlar işlərini elə qursunlar ki, o fraksiyanı yarada bilsinlər. Yoxsa bu qaydaları kimlərinsə imkanına uyğunlaşdırsaq, onda biz hər gün gərək bir qayda müəyyən edək ki, bu da heç cür düzgün çıxmaz. Bu gün çox sayda təmsil olunan, sabah az sayda və yaxud da əksinə ola bilər. Odur ki, biz hər gün bu qaydaları dəyişmirik. Bu qaydalar var, qoy siyasi qüvvələr öz imkanlarını ona uyğunlaşdırsınlar. Çalışsınlar o qaydalar çərçivəsində işləyə bilsinlər. Yoxsa kimsə otursun, heç bir fəaliyyət göstərməsin, seçici ilə işləməsin, onun problemlərini öyrənməsin, onun yanına getməsin, onun fikirlərini, onun mövqeyini bir tərəfə qoyub, yalnız özünün siyasi ambisiyalarını ifadə etməklə məşğul olsun və biz də qaydaları buna uyğunlaşdıraq ki, bu təmsil olunsun. Belə olmaz ki?!