“Rusiya Dağlıq Qarabağı özünə birləşdirməkdə maraqlı deyil” - AÇIQLAMA
Akif Nağı: “Bundan sonra da ABŞ Azərbaycanın əleyhinə olan xətdən kənara çəkilməyib”
5 May 2014 16:25 SiyasətQarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Foreign Affairs" jurnalının Krımdan sonra Rusiyanın Dağlıq Qarabağa ordu yeridəcəyi barədə iddialarına cavab verib. A.Nağı bildirib ki, bu barədə yayılan məlumatlar adətən müəyyən məqsədləri həyata keçirmək üçün atılan kəşfiyyat addımlarıdır. QAT sədri hesab edir ki, həmin informasiyaların ortaya çıxmasında Rusiya və ABŞ-ın xüsusi xidmət orqanlarının sifarişləri ola bilər. Həmin qüvvələrin bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının rəsmiləşdirilməsinə çalışdıqlarını deyən Akif Nağı qeyd edib ki, Krımdan sonra Rusiyanın Dağlıq Qarabağ istiqamətində hansısa addımı atmasına ehtiyac yoxdur: "Digər tərəfdən Azərbaycan buna imkan verməz. Müəyyən amilləri nəzərə alanda Qarabağın Rusiyaya ilhaq edilməsi mümkün deyil. Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərində elə bir problem yoxdur ki, Krım ssenarisi Dağlıq Qarabağda təkrarlansın". Akif Nağı "Şərqi Ukrayna və Krımdakı mövcud vəziyyəti nəzərə alan ABŞ münaqişənin həllində Azərbaycanın mövqeyi üçün çalışa bilərmi" sualına cavabında vurğuladı ki, Amerikanın Dağlıq Qarabağ probleminin Azərbaycanın lehinə həll edilməsi üçün çalışdığını iddia etmək inandırıcı deyil. QAT sədri hesab edir ki, münaqişənin həllinin ilk günündən ABŞ birmənalı şəkildə ermənipərəst mövqe tutur. Onun sözlərinə görə, 1989-cu ildə ilk dəfə məsələ ABŞ Konqresində müzakirə olunanda Ağ Ev tamamilə Ermənistanın mövqeyini əks etdirən tərəf nümayiş etdirdi: "Konqresdə Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması barədə qeyri-obyektiv qərar qəbul olundu. Nəticədə 1991-ci ildə Amerika Azərbaycanın əleyhinə "Azadlıq Aktı"na 907-ci düzəlişi qəbul etdi. Bundan sonra da ABŞ Azərbaycanın əleyhinə olan xətdən kənara çəkilməyib. 90-cı illərin sonlarında isə Azərbaycanla bağlı müəyyən obyektivlik nümayiş etdirməyə başladı. Amerikanın Minsk Qrupundakı həmsədrləri - vaxtilə Con Mareski, Cozef Kresser, indi də Ceyms Uorlik tamamilə ermənipərəst siyasət yürüdürlər. Əgər hansısa amerikalı diplomat bəyan edirsə ki, Krımdan sonra növbəti hədəf Dağlıq Qarabağ olacaq, tamamilə əmin olun ki, ərazilərin Ermənistana birləşdirilməsini nəzərdə tutur. ABŞ heç vaxt münaqişənin ədalətli və obyektiv həllini nəzərdə tutmayıb. Bunu bilmək lazımdır". ("OLAYLAR" İA)