Kiçik ölkələrin böyük xalqları
Xalqların və ölkələrin böyüklüyü onun sayının və ərazisinin böyüklüyündə deyil
5 May 2014 16:19 SiyasətHafiz Mirzə
www.hafizmirza.com
İnsan həyatı rahat, firavan, bolluq və sülh içərisində yaşamağa meyillidir. Bunu istəməyən şəxs normal ağıl və psixoloji durumda hesab olunmaz. Fərdlərin, bütövlükdə xalqların minilliklər boyu çalışdıqları da məhz elə firavan həyat tərzi qurmaqdan ibarət olmuşdur. Lakin dünyanın bir çox aparıcı xalqlarının elə övladları da olmuşdur ki, onlar daha betər əksliklərə xidmət etmişlər, öz xalqının başına fəlakətlər gətirmiş, onu güdaza vermiş, torpaqlarının itirilməsinə, adının rüsvay edilməsinə, hətta sayının azalmasına səbəb olmuşlar. Lakin paradoksal haldır ki, bu övladlar xəstə və yaramaz sayılmamış, əksinə o xalqın, o ölkənin lideri və böyük oğlu hesab edilmişlər. Əslində bu heç də səbəbsiz deyil və bunu tarixin uzaq dövrlərində müasir informasiya texnologiyalarının olmaması səbəbindən insanların məlumatsızlığı ilə əlaqələndirmək olmaz. Heç bir xalq özünün məşhur övladından imtina etməmişdir. Eləcə də Çingiz xana, Əmir Teymura, Napaleona və ya Leninə, Hitlerə, Stalinə görə onların xalqları xəcalət çəkmir, əksinə böyük iftixarla yad edirlər. Fransız xalqının həm humanist Viktor Hüqoya, həm də bunun tamam əksi olan Napoleona görə fəxarət keçirməsi paradoks sayılmır. Səlnaməçilərin inhisarda olması, kitab nəşrinin və mətbuatın siyasi konyukturaya uğradığı ötən əsrlərdə ciddi araşdırmalar, təhlillər bəsit olduğuna görə geniş dünyagörüşünün formalaşmasına imkan vermirdi. Azad televiziyanın, informasiya agentliklərinin və internetin mövcudluğundan isə danışmağa dəyməzdi. Amma bu heç də həmin dövrün fransızını və ya öz dövrü üçün rusları, türkləri, almanları savadsız, nadan və ya vəhşi hesab etməyə əsas vermir. Son 50 ildə informasiya və maddi nemətlər bolluğu varsa da həm müharibələrə, dağıtmağa, qəddarlığa, həm də humanitar yardımlara, incəsənətə, folklora, sülhə, əmin-amanlığa rəğbət var. Hətta son dövrlərdə Krımı Ukraynadan alıb ilhaq edən Rusiyada bütün bunların başında gedən Putinə xalq arasında böyük rəğbət formalaşmaqdadır. Bu isə xalqın ən pis övladına da sahib durmasının, qalibləri mühakimə etməməsinin və bütün qüdrətli övladları ilə öyünməsinin təzahürüdür. İstər çox yaxşı, istərsə də çox pis hesab edilən şəxsiyyətlərə yalnız dini nöqteyi-nəzərdən yanaşdıqda mütləq yaxşı və ya pis müəyyən edilir. Digər nəticə isə yalnız məsələyə hansı prizmadan və hansı dövrün ölçüləri ilə yanaşmadan asılıdır. Xalq onu qələbəyə, böyüklüyə, bütövləşməyə və daha firavan günlərə aparan və ya buna çalışan şəxsi yüksək dəyərləndirir. Onun buna hansı yollarla, nəyin bahasına və necə nail olması xalqın vecinə deyil. Makedoniya və ya yunanlar üçün makedoniyalı III Aleksandrın (İsgəndər Zülqərneynin) əslində öz anası Olimpiada ilə cinsi əlaqəyə girə biləcək qədər əxlaqsız və ya özünü tam təslim etdiyi erkək dostunu sevən bir homoseksual olmasının deyil, tarixi qələbələrinin, yaratdığı böyük imperiyanın və dünya tarixinə öz möhürünü vura bilməsinin daha böyük əhəmiyyəti var. Milyonlarca müdrik, humanist və ya müqəddəs şəxsləri ilə yox, məhz İsgəndərin sayəsində Makedoniya minilliklərdir tanınmaqdadır. Xalqlar fərqli görkəm, ölkə, dil və mədəniyyət sahibi olsalar da, bu məsələdə bir-birlərinə çox oxşayırlar. Məsələyə zaman süzgəcinin arxasından baxdıqda da nəticə çox fərqli deyil. Çünki xalqın yetirdiyi və cəmiyyətə təqdim etdiyi bütün şəxsiyyətlər əslində o xalqın milli ruhunun ifadəsidir. Bir xalqın ayrı-ayrı fərdlərinin düşüncə və duyğuları, hiss və təfəkkürü, zəkası, amalı, ideyaları ümumilikdə o xalqın astral obrazını və bu obrazın ruhunu (ümumi təfəkkür və əxlaq tərzini) müəyyən edir. Bəzən say etibarı ilə hansısa kiçik bir xalqın sırasından böyük xalqların da həsəd apara biləcəyi fenomen şəxslər çıxır. Həmin xalqı böyük və kiçik edən də əslində həmin fərdlərdir. Çünki o fərdlər məhz o xalqın milli ruhunun ifadəsidir və o xalqın kimliyinin göstəricisidir. Belə olduğu halda alman xalqından Hitleri, fransızdan Napoleonu, türkdən Əmir Teymuru, rusdan I Pyotru ittiham etməsini gözləmək doğru deyil.
Ölkənin və xalqın adı ruscada "çeçen" adlansa da, əslində öz dillərində adları Noxçiyindir- Noxçiyn Respublika! "Naxçıvan" adına asosiasiya doğurur və bu fakt əslində Nuh peyğəmbərə və onun su fəlakəti yatdıqdan, su çəkildikdən sonra Qafqazda quruya çıxmasının həqiqiliyinə bir işarədir. Çeçenistanın ( İçkeriya da adlanır) indi əhalisinin ümumi sayı 1 milyon 300 min, ərazisi isə cəmi 15,3 min kvadrat-kilometrdir. XVIII əsrin ikinci yarısında bu xalqın sayı qat-qat az, ərazisi isə qeyri-müəyyən qədər kiçik idi. 1783-cü il "Georgiyevsk traktatı"na əsasən Gürcüstan Rusiya imperiyasına könüllü şəkildə daxil olmağa razılıq verdikdən sonra bu ərazilərə gələn Rusiya qoşunları ətraf əraziləri də zəbt etmək fikrinə düşdü və Noxçiyinə də qoşun yeridildi. Yeri düşmüşkən, qeyd edək ki, çeçen xalqının ruslara qarşı tarixi mübarizəsinin ilk qəhrəmanı Şeyx Mənsur adlı bir çeçen kişisi oldu və o, rus imperiyasına qarşı 6 il müharibə apardı. Yalnız üstündən 43 il ötəndən sonra və milliyətcə avar olan Şeyx Şamil bu mübarizəni davam etdirdi və 25 il rus çarizminə qan uddurdu. Məhz rus yazıçısı L.Tolstoyun məşhur "Hacı Murad" əsəri Şeyx Şamil obrazını daha çox qabartdı və Şeyx Mənsuru kölgədə qoydu. Təbii ki, hər iki qəhrəman bir ölkənin və çeçen xalqının milli ruhunun - qan yaddaşının təzahürü idi. Bu, özünü zaman keçdikcə bir daha göstərməli idi və XX əsrin 90-cı illərinin əvvəlində general Cövhər Dudayevin şəxsində bir daha ifadə etdi. Eyni zamanda tarix də təkrar olunurdu: vaxtı ilə bir yanda Şeyx Şamil, digər tərəfdə çar Rusiyasına qoşulmuş Hacı Murad durduğu kimi, üstündən 132 il keçdikdən sonra da XX əsrdə bir tərəfdə general Cövhər Dudayev, digər tərəfdə isə eyni millətdən olan, amma Rusiya Federasiyası Ali Sovetinin sədri vəzifəsinə qədər yüksələ bilmiş Ruslan Xaspulatov durmuşdu. Bu faktı reallıq baxımından dəyərləndirdikdə heç bir tərəfi nə həddən artıq tərifləmək, nə də ittiham etmək olmur. Amma hər ikisi çeçen xalqının tarixidir, mübarizə, zəka və qəhrəmanlıq səlnaməsidir - böyüklüyüdür! Hazırkı prezident Ramzan Kadırovun qeyri-ordinar hərəkət və davranışları, sağa-sola meydan oxuya bilməsi də onun çeçen xislətindən irəli gələn cəsarətin ifadəsidir. Bu yaxınlarda ictimaiyyət YouTubedə maraqlı bir süjetin şahidi oldu: Çeçenistanın paytaxtı Qroznının zooparkından qurtulmuş cavan bir ayı səki boyuca qaçır, gənc çeçenlər isə onu əli yalın tutmağa, vəhşi ayını ram etməyə çalışırdılar. Görüntünün siyasi tərəfinə ("rus ayısı") diqqət vermədən, digər bir nüansı qabartmağımız lazımdır: gənclərin cəsurluğu və qız-gəlinə, uşaq və qocalara xətər yetirə bilər deyə özünü ayının qabağına ata bilmək cəsarətini. Halbuki, dünyanın bir çox şəhərlərində, çox-çox xalqların nümayəndələri- hətta rusların özü də küçədə qəflətən ayı ilə rastlaşdıqları halda çığır-bağır salar, yanındakı əzizini də atıb qaçardı. Günün günorta çağı şəhərin ortasında bir ayını ram etmək üçün ona hücum edən çeçenlər həqiqətən də böyük xalqın nümayəndələridir.
Bir qədər uzağa gedib Vyetnam xalqının böyüklüyünü də qeyd etməyə dəyər. Ümumi ərazisi 331, 320 min kv.kilometr olsa da, əhalisi 90 milyonu keçir. Vyetnam xalqı 1945-ci ildə Xo Şi Minin rəhbərliyi ilə Fransanın müstəmləkəsinə qarşı siyasi, sonra hərbi mübarizəyə qalxdı.Əvvəlcə ölkənin şimal hissəsi azad edildi. Kiçicik bir hissə olmasına baxmayaraq Sovet İttifaqını özünə aşiq etdi və uzun illər Şimal hissəsi Vyetnam Sosialist Respublikası adlandı. Paytaxtı Hanoy şəhəri idi. Cənubu isə Sayqon şəhərinin mərkəziyyəti ilə kapitalistlərin, xüsusən də "harada aş, orada baş" olan ABŞ-in nəzarəti altında qalmışdı. Vyetnamlılar dünyanın SSRİ və ABŞ-dan ibarət olan iki qütbünü üz-üzə qoyub hər ikisindən bəhrələnə bildilər. Eşşək boyda ABŞ şimal hissəni tutmaq uğrunda uzun illlər qanlı müharibə apardı. Bütün dünyaya meydan oxuyan ABŞ ordusu Vyetnamda, boyu özlərinin sinəsi bərabərində olan çəlimsiz vyetnamlıların əlində avara qaldı. Sonda Vyetnam KP MK-nın baş katibi Xo Şi Minin rəhbərlik etdiyi sosialistlər qalib gəldi və Vyetnamı öz daxili gücü və havadarlarının könüllü vasitəçiyi ilə birləşdirdilər. Nəzərə alaq ki, ikiyə bölünmüş Almaniya yalnız Qorbaçova verilən rüşvət bahasına birləşdi. İkiyə bölünmüş Koreya həm ərazi, həm də əhali baxımından daha böyük, daha çox olsa da hələ də birləşə bilmir. Amma Vyetnam xalqı özünün boy-buxununa görə yox, təkcə iradəsi hesabına qalib gəldi. İndi Sayqon şəhərinin adını dəyişib "Xo Şi Min" qoyublar. Arxadan baxdıqda çəlimsiz pionerə oxşayan, əyni şortikli, gödək boylu, çənə saqqallı Xo Şi Min özünü Leninə bənzətmək istəmədi və öz xalqını azadlığa çıxartdı. Amma vyetnamlılar Lenin ideyalarına onun Vətəni Rusiyadan daha sədaqətli oldular. Rusiyanın özündə Kommunist Partiyası indi söyüş ifadəsi kimi qalsa da, Vyetnamda bu partiya hələ də hakimiyyətdədir. Hakimiyyətə gəldikdən sonra əyni kostyum görsə də, Xo Şi Min SSRİ-yə olan məhəbbətində də sədaqətli idi və rəsmi dövlət maşını olaraq da yalnız sovetin "Pobeda" avtomobilini seçmişdi. Vyetnam xalqı SSRİ-dən siyasi və hərbi dəstək alsa da, dünya dövlətləri ilə müharibəni özü apardı, özü də qalib gəldi. Son yüz ildə 3 müharibə aparan Vyetnam xalqı hər üçündə qalib gəldi. Qüdrətli ABŞ ordusunun qarşısına çıxartmağa ləyaqətli silah-sursatı yox idisə də, bu xalqın cəsarəti və ağlı vardı. Onlar gecə-gündüz yer altında lağım atmaqla bir yeraltı şəhər yaratmışdılar. Dörd vyetnamlı bədən etibarı ilə cəmi bir Amerika əsgərinin həcmində olsa da, onu qəflətən lağıma salır və asanca öldürürdülər. Çoxsaylı itkilərdən sonra ABŞ Vyetnamda rüsvaycasına məğlub oldu və baş götürüb ölkədən çıxdı. Bu müqayisədə hansı ölkənin xalqı daha qüdrətlidir: Vyetnam ya ingilis? Qəti cavab üçün cox fikirləşməyə ehtiyac qalmır.
Fələstin vaxtı ilə Suriya, İraq və Livanın bir hissəsi və eləcə indiki İsrail tam daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Burada yəhudilər əhalinin və ərazinin cəmi 5% -ni təşkil edirdi. I Dünya Müharibəsinin sonlarında Böyük Britaniya Fələstin ərazilərini işğal etməyə başladı. Amma ona bu ərazilərdə möhkəmlənmək və daim qalmaq lazım idi. Buna görə ingilislər əraziyə yəhudiləri toplamağa, bundan ötrü onları şirnikləndirməyə başladı. Məqsəd burada yəhudi dövləti yaratmaq idi. Onlar yəhudi əhalinin sayının artırılmasına, onların pul ilə ərəblərdən torpaqlarını almasına hər cür şərait yaratdılar. Nəticədə yəhudilərin sayı və məskunlaşdıqları ərazilər artdı. 1947-ci ildə onlar öz arzularına çatdılar: BMT Fələstin ərazisində yəhudi (İsrail) və ərəb (Fələstin) dövlətinin yaradılması barədə qərar qəbul etdi. Dünyanı idarə etmək iddiasında olan beynəlxalq sionist təşkilatlar dünyanın əksər dövlətlərində böyük nüfuz sahibinə çevrilsələr də, hətta İngiltərə, ABŞ, Fransa, Rusiya və digər dövlətləri tam öz nəzarəti altına alsalar da indi cəmi 5 min kvm. ərazisi və bir milyondan bir qədər artıq əhalisi qalan Fələstin xalqını ram edə bilmədilər. Hazırda İzrail dövlətinin ərazisi 22 min kvm, əhalisi 8 milyondan çoxdur. Qəhrəman Fələstin xalqı 1948-ci ildən ta indiyədək 66 ildir ki, bütün sionizm dünyasına qarşı silahlı və siyasi mübarizə aparır. Onun yaratdığı Fələstin Azadlıq Təşkilatı (FAT), "Fəth" və "HƏMAS" təşkilatları bütün dünyanı öz məntiqi və gücü qarşısında susmağa məcbur edə bilir. Uzun illər FAT-ın sədri olmuş Yasir Ərafat, indi isə Fələstin muxtariyyətinin lideri olaraq Mahmud Abbas bu xalqın önündə gedir. Bunun nəticəsi olaraq 1993-cü ildə Fələstin özünün müxtariyyətinə nail oldu. Hazırda fələstinlilər ölkənin büsbütün azadlığı uğrunda mübarizəni davam etdirirlər. Fələstində top, raket və ya güllə zədəsi almamış bina çox az olar. Fələstinlilərin uşaqlığı uçulmuş binaların zirzəmisində, səngərlərdə, düşmən tankına, əli silahlı İzrail əskərlərinə daş-kəssək atmaqla keçir. Hətta ərazisini və əhalisinin böyük hissəsini itirərək də mübarizəsini davam etdirən hər bir xalq xüsusi ehtirama layiqdir.
Xüsusi ehtirama layiq xalqlar sırasında Azərbaycanın da olması qürur doğurur. Beynəlxalq sionizm və xristian dünyası tərəfindən ərazisinin 20%-i işğal, 1 milyondan çox insanı isə qaçqın olan bir xalqın öz mübarizəsini davam etdirməsi, xristian dünyasının təşkilatlandırdığı ATƏT -in cəfəng hikkələri qarşısında duruş gətirməsi, işğal olunmuş Qarabağın rəsmən əldən verilməməsi bu xalqın böyüklüyünə dəlalət edir. Nəsrəddin Tusi, Xaqani, Nizami, Nəsimi, Füzuli,.. Xətai, Heydər Əliyev kimi böyük şəxsiyyətlər yetirmiş bir xalq kiçik ola bilməz. Mübariz İbrahimov adlı bir giziri təkbaşına düşmənin yüzdən çox əsgərini, büsbütün bir hərbi hissəni dağıtması böyüklük ifadəsidir.
Öz böyüklüyünü dərk edən xalqlar böyüklüyə məhkumdurlar!