Milli Şuradan qopmalar davam edir - SİYASİ ANALİZ
Qurum tam olaraq AXCP-nin nəzarətinə keçdi
5 May 2014 16:07 SiyasətMilli Şuranı daha bir partiya tərk edib. KXCP qurumdan çıxdığnı açıqlayıb. Partiyanın sədri Mirmahmud Mirəlioğlu bu addıma ciddi səbəb göstərməsə də, sədr müavini Xəzər Teyyublu bildirib ki, partiyasının bu addımı atmasına səbəb AXCP-nin Milli Şura daxilindəki hərəkətləridir. X. Teyyublu deyib ki, Mirmahmud Mirəlioğlunun və bir neçə partiyadaşının atdığı addıma AXCP sədri Əli Kərimlinin Milli Şura üzvlüyünə təqdim etdiyi siyahı səbəb olub. Daha dəqiqi, siyahının ancaq AXCP Ali Məclisinin üzvlərindən ibarət olması məlum vəziyyətə gətirib çıxarıb. KXCP funksionerinin szölərinə görə, Milli Şuranı genişləndirmək adı altında bir siyasi partiyanın üzvlərini kütləvi şəkildə Milli Şuraya gətirmək, bir partiyanın maraqlarını önə çıxarmaq düzgün deyil.
Düzdür, AXCP sədri və Milli Şuranın sədri yeni üzvlər təklifini geri götürüblər. Ancaq KXCP geri addım atmayıb və Şuranı tərk edib. Bununla belə KXCP-ni Milli Şurada təmsil edən 10 üzvün hamısı qurumu tərk etməyib. Görünür, KXCP sədri pariyada parçalanma yaratmamaq üçün bir neçə təmsilçinin Şurada qalmasına razılıq verib. Xatırladaq ki, KXCP İctimai Palatadan çıxarkən Müsavat və AXCP-yə yaxınlığı ilə seçilən bir qrup şəxs fraksiya elan edərək Mirmahmud Mirəlioğluna problem yaratmışdılar. Bu dəfə KXCP rəhbəri daha usta davranıb, partiya adından qərar verməyib. Amma partiya sədrinin, Ali Məclis sədrinin Milli Şuradan istefası "KXCP Milli Şuradan getdi" görüntüsünü yaratmağa kifayət edir. Bəs partiyanı bu addıma vadar edən nə oldu? Əgər Müsavatın arqumenti (Milli Şura Rusiyanın proyektidir) əsas götürüldüsə, getmək qərarı indi niyə verildi? Yox, partiya AXCP-nin iddialarına reaksiya veribsə, bu da doğru addım deyil. Əvəvla, Milli Şuranın tərkibinin genişlənməsi təklifi geri götürülüb. Deməli, KXCP-nin etirazına da gərək qalmayıb. Belə görünür ki, KXCP Milli Şuradan getmək qərarını çoxdan veribmiş, sadəcə qəti addımı atmaq üçün fürsət axtarırmışlar. AXCP-nin Milli Şuranı inhisara almaq, öz adamlarını quruma yerləşdirmək iddialarına gəlincə, bu, doğrudur. Rüstəm İbrahimbəyov vahid namizədlikdən uzaqlaşdırılandan, Cəmil Həsənli ortaya çıxarılandan sonra AXCP Şurada üstünlüyü ələ almışdı. Əvvəla, Cəmil Həsənli uzun müddət AXCP-nin üzvü və sədr müavini olmuşdu. Onun Əli Kərimli ilə sıcaq münasibətləri hələ də qalır. C. Həsənlinin sədrliyi dövründə Milli Şuranın AXCP-nin nəzarətində olacağı hər kəsə bəlli idi. Müsavat kimi partiya məhz bu amilə görə Şuradan istefa verdi. KXCP-nin Şurada qalması yalnız AXCP-nin Müsavatla rəqabətdə güclənməsi effektini verə bilərdi. KXCP Əli Kərimlinin əlində alət olmadı.
Bəs bundan sonra Milli Şuranın aqibəti necə olacaq? Qeyd edək ki, KXCP-nin istefasından sonra qurumda ciddi müxalifət partiyası qalmadı. VHP Şurada gənclərlə təmsil olunur. Bir neçə çırtdan partiya ilə AXCP "böyük birlik" görüntüsü yarada bilməyəcək. Hazırda Milli Şuranı "qüvvələr birliyi" kimi göstərən yeganə amil bir sıra nüfuzlu müstəqillərin qurumda olmasıdır. Ancaq proseslər onu göstərir ki, yaxın günlərdə onlar da Şuranı tərk edəcəklər. Çünki artıq Milli Şura AXCP-nin Ali Məclisi funksiyasını yerinə yetirəcək.