Vüqar Rəhimzadə: ““Freedom House” ermənilərin, ermənipərəst və anti-azərbaycan qüvvələrin əlində bir alətdir”

“Demokratik inkişafa “Freedom House” “baxışı” hər zaman qərəzli, istinad mənbəyi isə dəyişməz olub”

""Freedom House" ermənilərin, ermənipərəst və anti-azərbaycan qüvvələrin əlində bir alətdir". Bunu SİA-ya "İki Sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib. Baş redaktorun sözlərinə görə, demokratik inkişafa "Freedom House" "baxışı" hər zaman qərəzli, anormal, subyektiv istinad mənbəyi isə  dəyişməz olub: "Bunu təşkilatın ayrı-ayrı dövrlər üçün hazırladığı hesabatlara diqqət yetirsək aydın görmək olar. Bir halda ki,  həmin hesabatlarda işğalçı Ermənistan  demokratik inkişaf baxımından "azad ölkələr" sırasında yer alır, burada hansı obyektiv yanaşmadan, real münasibətdən söhbət gedə bilər? Bu və bu kimi bəzi beynəlxalq qeyri-hökumət təşkilatları antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində bir alətdir. Bir əsas məqamı da qeyd etmək kifayətdir ki,  qurumun hesabatlarında  Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi  təqdim olunur. Bu fakt "Freedom House"un mövqeyinə, hansı maraqlara xidmət etməsinə, istinad mənbəyinin hansı dairələrin olmasına işıq salmırmı?
"Freedom House"un hər dəfə qərəzli, qeyri-obyektiv fikirləri özündə əks etdirən hesabatla çıxış etməsi  digər beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki,  demokratik prinsiplərin inkişafı ilə məşğul olan  Avropa Şurasının təmsilçiləri bildirirlər ki, "Freedom House", "Amnesty İnternational" kimi təşkilatların "hesabatlarının" müəllifləri dəyişməzdir. Diqqət yetirdikdə, həmin "hesabatlarda" dəyişən yalnız illər olur.  Adı  çəkilən qurum  məlum mənbələrə istinad edərək, Azərbaycanda demokratik inkişafın aşağı səviyyədə olduğunu, insan hüquqlarının, mətbuat azadlığının guya  kobud şəkildə pozulduğunu iddia edir. Amma unutmaq olmaz ki, bu kimi sənədlər  aparılan təhlillərin, araşdırmaların nəticəsində hazırlanmalıdır. Sual olunur-Nə üçün "Freedom House" dağıdıcı ünsürlərin və onlarla həmrəylik nümayiş etdirən "hüquq müdafiəçiləri"nin  əsas ümid yerinə çevrilib? Nə üçün bu təşkilatın hesabatları yalnız  dağıdıcı ünsürlərin tabeliyində olan mətbu orqanlarda  geniş yer alıb, ətrafında müzakirələr aparılır.  "Freedom House"un hesabatı qərəz, qeyri-obyektiv və eyni zamanda subyektiv mülahizələrin toplusudur, reallıqdan uzaqdır, qərəzdən yaranan  dezinformasiyadır.  Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir, hər bir sahənin inkişafına xidmət edən Dövlət Proqramları icra olunur, təkmil qanunvericilik bazası mövcuddur.  Azərbayanda bütün azadlıqlar var. Cəmiyyət qanunlarla idarə olunur. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. "Fredoom House" kimi təşkilatların qərəzdən qaynaqlanan hesabatları  Azərbaycan haqqında hansısa mənfi rəyi yaratmaq  imkanında deyil.  Azərbaycan müstəqil, hüquqi  dövlətdir,  modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir.
Həmin hesabatda yer alan ölkəmizdə internet azadlığının  mövcud olmaması ilə bağlı fikirlərə gəlincə deyə bilərəm ki, təbii ki, fərziyyə, qərəzdən irəli gələn dezinformasiyalar heç zaman reallıq kimi qəbul oluna bilməz, ictimai fikrə təsir etmək gücündə deyil: "Müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Hər bir ölkənin inkişafında, tərəqqisində İKT-nin rolunu önə çəkən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət göz önündədir. 2013-cü ilin ölkəmizdə "İKT ili" elan olunması da dövlətimizin  bu sahənin inkişafına diqqət və marağının təsdiqidir.  "İKT ili"ndə Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri ilk telekommunikasiya peykinin orbitə çıxarılması oldu. Bu,  iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirildi.
Bu uğurlarımızın fonunda "Freedom House"un öz hesabatında ölkəmizdə internet azadlığının mövcudluğuna kölgə salmaq cəhdi    təəccüb doğurmur. Çünki bir halda ki, qurumun  Azərbaycana qarşı mövqeyi qərəzə, inkara əsaslanır, bu halda belə bir təşkilatdan  obyektiv  rəy gözləmək sadəlövhlük olar. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da öz əksini tapır ki, Azərbaycanda  mətbuat azadlığı sahəsində problem axtaran təşkilatlar yaxşı olar ki, öz ölkələrində baş verən  olaylara, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirsinlər. "Ədalət ən böyük meyardır" söyləyən dövlət başçısı İlham Əliyev  bildirir ki, hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Möhtərəm Prezidentimiz bildirir: "Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda  yerləşən ölkələrdə  problemlər  bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki,  yanlış məlumat təqdim olunur.  Azərbaycanda isə  xırda  məsələ ilə bağlı böyük hay-küy salınır". Bu, təbii ki, ölkəmizə qarşı  aparılan ədalətsiz mübarizədir.  Ölkə Prezidenti böyük inam və qətiyyətlə bildirir ki,  biz bu mübarizəyə  hazırıq  və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək.   
Reallıq budur ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana  rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi olaraq bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhmiyyətli rol  oynayır. Ölkəmizdə internet azadddır, heç bir məhdudiyyət yoxdur.  Məhz bu sahədə görülən işlərin uğurlu nəticəsidir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Ölkəmizdə internet istifadəçiləri 70 faizdən çoxdur. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü qəbul olunur və dəyərləndirilir.  Təbii ki, faktlara əsaslanan, reallığı özündə əks etdirən informasiyanın təsir imkanları daha geniş olur. "Freedom House" ölkəmizdə azad mətbuatın inkişafına kölgə salmaqla istinad mənbəyinin hansı qüvvələr olduğunu açıq-aşkar büruzə verir. Bu kimi qərəzli hesabatlar adı çəkilən quruma nüfuz, baş ucalığı gətirə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00