“Minsk qrupunun fəaliyyətində inkişaf əvəzinə geriləmə görürük”

Oqtay Əsədov: “ İndi Qarabağı ediblər tərəfdaş, bu mümkün deyil”

Milli Məclisin mayın 2-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri bir sıra məsələlər qaldırıblar. İlkin olaraq deputat, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, parlament hakimiyyətin qollarından biri kimi ölkənin ictimai-siyasi məsələlərində rol oynayır. Təəssüf ki, bəzən beynəlxalq təşkilatlar, QHT-lər, mətbuatda parlamentin nüfuzuna xələl gətirən fikirlər yer alır: "Bir neçə gün bundan əvvəl "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi parlamentin işi ilə bağlı hesabat layihəsi dərc edib. Həmin hesabatın parlamentə aid olan hissəsində yalan, böhtan və qərəz dolu məlumatlar yer alıb. Hesabat hazırlamağın ümumi texnologiyası ondan ibarətdir ki, mütləq əvvəlcədən haqqında yazılan həmin təşkilata məlumat verilsin. Şəffaflıq proseslərini pozmaqda, hər hansı bir korrupsiya hallarına yol verməkdə hökuməti ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü Azərbaycan dövlətçiliyi əleyhinə yönələn başqa korrupsiya faktını yerinə yetirir. Hər kəsə məlumdur ki, erməni əsilli kəşfiyyatçıları ilə əlaqədə suçlanan Leyla Yunusun külli miqdarda, 100 minlərlə pulu nəğdləşdirməsinin iştirakçılarından biri də korrupsiya ilə mübarizədən danışan Rənanın özü olub. Hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı təşkilatlarla əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentariləri isə həmin təşkilatın heç bir tədbrinə qatılmamalıdır". Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, L. Yunusun fəaliyyəti başdan ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib və xüsusilə "fəaliyyət" xalq diplomatiyası altında aparılır. Spiker Oqtay Əsədov isə millət vəkilinə "Sizin ağıllı çıxışınıza qulaq asdım"- deyə reaksiya verib: "Siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz. QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Əgər layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu bir nəzarət kimi olmalıdır. Amma hər halda bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Təəssüf etdim ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində o, qarışdırma təşkilatıdır. Onlar öz hesabatlarında küçə yazılarını dərc edirlər. Bəzən bunun günahı elə özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirirlər. Milli Məclisi çox pis vəziyyətdə göstərirlər". Spiker əlavə edib ki, bu gün əsas problem Qarabağ problemidir. ATƏT-in Minsk qrupu yaratdılar. Biz bu günə qədər inkişaf görməmişdik. İndi inkişaf əvəzinə geriləmə görürük. Elə həmsədir var ki, problemdən ümumiyyətlə xəbəri yoxdur. İndi Qarabağı ediblər tərəfdaş, bu mümkün deyil. Bizim böyük məsələlərimiz var və bununla məşğul olmalıyıq". O. Əsədov çıxışında ölkə mətbuatının vəziyyətinə də toxunub: " Məndən inciməsinlər, bəzən mətbuatı açıb baxıram bir-birindən yazırlar. Araşdırma, analitik məqalə yoxdur. Hamısı dedi-qodu, şər, bir-birinə sataşmaqdır. Bizim ciddi problemlərimiz var. Bununla məşğul olmaq lazımdır". MM sədri millət vəkillərinin xarici ölkə vətəndaşı pasportunu almaq istəyən soydaşlarımızla bağlı qaldırdıqları məsələlərə də aydınlıq gətirib: " Bizdə ikili vətəndaşlıq haqqında qanun yoxdur. Kim başqa ölkənin vətəndaşlığını qəbul etmək istəyirsə, mütləq Azərbaycan vətəndaşlığından çıxmalıdır". Deputat Zahid Oruc isə beynəlxalq təşkilatların öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsələyə toxunub: "Vilnusda Azərbaycanla Avropa Birliyi arasında viza sisteminin sadələşdirilməsi ilə müqavilə imzalandı. Bu sənəd Azərbaycan tərəfindən ratifikasiya olundu. Hansısa bir irəliləyiş varmı? Yenə də həmin vəziyyətdir. Avropa Birliyi niyə üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir? Axı bu adamlar Avropa dəyərlərini görmək istəyirlər. Mən onları öz öhdəliyini yerinə yetirməyə dəvət edirəm. Istədiklərinə orden verirlər, 5 illik viza ilə təmin olunur, hətta diplomatik toxunulmazlığı olmadan onu yola salırlar və cinayətdən yayındırırlar". AVP sədri, deputat Fəzail Ağamalı isə deyib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri ratifikasiya edib və bu Azərbaycanda hüquqi qüvvəyə malikdir: "İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün addımlar atılıb. Amma insan hüquq və azadlıqlarını inhisara alan Avropa qurumları Azərbaycanda insan hüquq və azadlqılarından istifadə etməyə çalışır. Bizim 1 milyon vətəndaşımız vətənindən qovulub. Onlar nədən Avropa məhkəməsinə çıxarılmır? Amma Azərbaycanın dövlət sabitliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur. Hansı haqla bir şəxsə 5 illik viza verib onu hava limanlarına qədər müşahidə edirlər? Budurmu insan hüquqları? Yaponiya, Koreya Avropa deyil, bəyəm orada insan haqları qorunmurmu? Əgər siz səmimisinizsə, ATƏT-in Minsk qrupunun mövqeyini ortaya qoyun və 1 milyon insanın haqqını təmin edin". Deputat Siyavuş Novruzov deyib ki, Avropa Şurasına üzv olduqdan sonra Avropa qurumlarının fəaliyyətini izləyir: "Bizə qədər Avropa Məhkəməsinə ən çox Türkiyədən şikayət olunurdu. İndi biz Türkiyəni də keçdik. Bizdə insanlar prosedur qaydaları bilmirlər. Bəzən yerli məhkəməyə müraciət edənlər onun bir sürətini də Avropa Məhkəməsinə göndərirlər. İkincisi, bu müraciətlərin bir qismi müxalifət nümayəndələridir. Bir neçə il əvvəl Ermənistandan qovulan şəxslər mülki hüquqları ilə bağlı Avropa Məhkəməsinə müraciət etdilər, amma bu qeydiyyata alınmadı. İnsan hüquqlarını alver preqmetinə çevirmək olmaz. Vaxtı ilə Leyla Yunus maddi danışıqlar nəticəsində insanların adını siyasi məhbus siyahısına salırdı. Toyuq oğrusunun adını da salmışdı. Bu elə hüquq müdafiə təşkilatlarının da etirazına səbəb olmuşdu. Baxın görün kimlərin adını siyahıya salmışdı. Özü kimi Ermənistanda konfrans keçirən Əlikram Hümbətovun, metro partladanların və digərlərinin. Biz bu protokolu təsdiq etməklə sabitliyimizi ifadə edirik. Amma onlara gələndə problem yaranır".  

Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00