“ANS xocalılardan, qaçqın və məcburi köçkünlərdən üzr istəsin”

Qarabağ koalisiyası bəyanat verdi

Qarabağ Qeyri -Hökumət Koalisiyası ANS ÇM radiosunda erməni mahnısının səslənməsniə etiraz edib. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, özünü vətənpərvər elan etmiş telekanalın bu hərəkəti şəhidlərin ruhuna təhqirdir: "Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 20%-dən artıq torpaqlarımız işğal olunub, bir milyondan artıq soydaşlarımız hələ də qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar. Ermənistan bu gün də beynəlxalq hüquq normalarına məhəl qoymur, BMT-nin qəbul etdiyi 4 Qətnaməni yerinə yetirmir, əksinə daim Azərbaycanın digər ərazilərini də işğal altında saxlamaqda davam edir. Özünü Azərbaycanın radio və efir məkanında ən vətənpərvər hesab edən, Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan ANS ÇM-in dalğalarında erməni dilində mahnılar səsləndirilməsini Azərbaycan xalqına və şəhidlərimizin ruhuna təhqir kimi qəbul edirik". Sənəddə deyilir ki, hər həftənin şənbə günü gedən "Qafqaz top 20" musiqili verilişində erməni musiqisinin Azərbaycan efirində səsləndirilməsinə heç cür bəraət qazandırmaq mümkün deyildir: ""Musiqidə, mədəniyyətdə sərhəd qoymayaq" ifadəsini işlədən verilişin aparıcısının görəsən Azərbaycanın mədəniyyət beşiyi, musiqi konservatoriyası Şuşada ermənilərin törətdiyi vandallıqlar, güllələnmiş sənətkar heykəlləri və s. belə tezmi yadından çıxıb? Belə tezmi unudub ANS Qarabağı, erməni işğalını, Xocalı soyqrımını?" Qarabağ QHT Koalisiyası ANS-dən erməni mahnılarının dərhal dayandırılmasını, Azərbaycan xalqından, 1-ci növbədə Xocalılardan, qaçqın və məcburi köçkünlərdən üzr istəməsini tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00