“Ukraynanı silahlı qarşıdurmalar gözləyir”
Elşən Mustafayev: “Rusiyanın açıq şəkildə Krım və Şərqi Ukraynada baş verən proseslərə müdaxilə edəcəyini düşünmək mümkün deyildi”
2 May 2014 15:58 Siyasət"Rusiyanın Ukraynanın şərqində baş verən proseslərə görə bu ölkəyə qarşı adekvat cavab verəcəyinə inanmıram" - AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev "Olaylar"a açıqlamasında belə deyib. E.Mustafayev qeyd edib ki, Putin son bəyanatlarında dəfələrlə Ukraynada rus əsgərinin olmadığını vurğulayıb. AMİP rəsmisinin sözlərinə görə, V.Putinin bu fikirləri isə Rusiyanın Şərqi Ukraynaya qoşun yeritməsi ehtimalını sıfıra endirir: Lakin Rusiya Ukrayna Silahlı Qüvvələrinin regionda hərbi əməliyyatlara başlamasını bəhanə edərək, bölgədə yaşayan yerli rusların müdafiəsi adı altında belə bir addım ata bilər. Ümumilikdə isə Rusiyanın açıq şəkildə bu ölkəyə ordu göndərəcəyini düşünmürəm. Moskva həmçinin bu məqsədlə Slavyanska şəhərini seperatçılara geri qaytarmaq məsələsini ortaya ata bilər". Elşən Mustafayev hesab edir ki, digər tərəfdən Rusiyanın Şərqi Ukraynada baş verən proseslərə müqaviməti güclü olmaya bilər. Sədr müavini hesab edir ki, Moskva Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalardan ehtiyat edərək, proseslərin dərininə getməyəcək: "Bir tərəfdən də indiki halda rus hakimiyyətinin atacağı addımları əvvəlcədən proqnozlaşdırmaq çətindir. Məsələn, Rusiyanın açıq şəkildə Krım və Şərqi Ukraynada baş verən proseslərə müdaxilə edəcəyini düşünmək mümkün deyildi". Slavyanskanın geri qaytarılması Ukraynada vəziyyətin stabilləşməsi demək olmadığını qeyd edən Elşən Mustafayevin sözlərinə görə, regiondakı seperatçıların əllərində kifayət qədər silah-sursat var: "Seperatçı qruplaşmalar gələcəkdə cinayətdə ittiham olunacaqlarını bildikləri üçün təslim olmayacaqlar. Yaxın günlərdə proseslərin hansı istiqamətdə cərəyan edəcəyi bəlli olacaq". ("OLAYLAR" İA)