“Ruslar monqolları tez yaddan çıxardılar” - FİKİR

Nəsir Ağayev: “Türklərin Krımda yerləşməsindən sonra Moskva knyazlığı ortaya çıxmağa başlayıb”

Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev Rusiyanın Krıma qarşı iddiasına tarixi faktlarla cavab verib. Rusiyanın iddialarının əsassız olduğunu deyən N.Ağayev bildirir ki, Krım məsələsi həmişə siyasi gündəmdə olub. Nəsir Ağayevin sözlərinə görə, Krımda baş verən son hadisələr təsadüfi deyil:

- İndiki Krım yarımadası mövcud sahəsini əhatə etmirdi. Krımda aparılan araşdırmalar zamanı Paleolit dövrünə aid abidələr aşkar edilib. E.ə I minillikdə burada kimmer, skif, alan, tavr və s. kimi  türk tayfaları məskunlaşıb. Tarixi mənbələrdə isə slavyanların adı yoxdur. Antik dövrün tarixçiləri də bunu sübut edirlər. E.ə III əsrdə Kerç bərzəxində Bosfor quldarlıq dövləti yaranır. Həmin dövrdə türklərin hücumu ilə Bosfor xanlığı ələ keçirilir. Xanlıqla yanaşı digər quldar dövlətlər də süqut edib. Nəhayət monqol türklərinin Sibir, Yaik çayı (Ural), Hacıtərxan, Sarısuya (Volqaqrad) hücumları, Qızıl Ordanın yaranması və XIII əsrdə Tula, Moskva, Kiyev, Krımın işğalı ilə nəticələnib. Monqollardan sonra burada dövlət quruluşu möhkəmlənib və Krım ulusu yaranıb. Monqolların hakimiyyəti dövründə Moskva, Vladimir və Novqorod, digər knyazlıqlar asılı vəziyyətə düşdülər. Onların icazəsi olmadan slavyanlar müstəqil şəkildə vergi toplaya bilmirdilər. Bu gün özünü imperiya adlandıran Rusiya o dövrdə kiçik knyazlıq və cırtdan dövlətlərdən ibarət idi. Həmin knyazlıqlar arasında ara müharibələri gedirdi. Müharibələrə yalnız İvan Qroznı və I Pyotrun dövrlərində son qoyulub. XV əsrdə müstəqil Krım xanlığı yarandı. Dövlətin ilk xanı Dövlət Hacı Gəray olub. Gərayın vaxtında Krımda tatar-türk dövləti formalaşıb. 1783-ci ilə qədər müstəqil olub. Həmin ildə imzalanan "Kiçik Qaynarca" sülh müqaviləsi nəticəsində Krım Rusiya tərəfindən işğal olunur".

Slavyanlaşdırılan türk toponimləri

Nəsir Ağayev rus çarlıqları özlərinə aid olmayan torpaqları işğal etməklə dünya sularına çıxmağı qarşılarına məqsəd qoyduqlarını deyir. O, qeyd edir ki, İtaliya özünü Roma, Türkiyə özünü Osmanlı, indiki Monqolustan özünü o vaxtki Monqol İmperiyasının varisi hesab etmir: "Lakin Rusiya yeganə dövlətdir ki, özünü həm Çar Rusiyasının, həm də SSRİ-nin varisi sayır. Orta əsrlərdən başlayaraq ruslar türklərə məxsus əraziləri işğal edərək toponimləri slavyanlaşdırdılar. Sarıtorpaq (Saratov), Yuxarı Yol (Oryol), Hacıtərxan (Astarxan), Sarısu (Volqaqrad), eləcə də bu gün işğal edilən Krımda bir sıra yer adları ruslaşdırılıb. Simferopolun əvvəlki adı Ağməscid olub. Krımda e.ə V əsrə qədər Yunan-Roma koloniyaları olub. Lakin aparılan araşdırmalar ruslara aid heç bir fakt ortaya çıxarmayıb".

Suvorov qalıqları da yox edir

"Kiçik Qaynarca" sülhü ilə Krımın Osmanlı imperiyasının tərkibindən ayrıldığını deyən Nəsir Ağayevin sözlərinə görə, 1475-ci ildən 1774-ci ilədək Krım Xanlığı Osmanlının vassalı olub. Bunun səbəbsiz olmadığını qeyd edən Nəsir Ağayev: "Çünki xanlıq türk dövləti olduğu üçün yalnız Osmanlı ilə əməkdaşlıqda maraqlı idi. Türk amili isə I Pyotru ciddi şəkildə narahat edirdi. Çünki çar Azov, Qara və Baltik dənizi vasitəsilə dünya sularına çıxmağı hədəfə almışdı. Krımın işğal edilməsi həmin dövrdə Çar Rusiyası üçün vacib məsələ sayılırdı. Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra isə slavyanların tatarlara qarşı amansız mübarizəsi başladı. İngilis Con Badden "Qafqazın Rusiya tərəfindən işğalı" kitabında yazır ki, Krım ruslar tərəfindən işğal edildikdən sonra Knyaz Paçemkin Volqa və Ural çaylarının vadilərində yerləşən monqol, kumık və digər türk millətlərindən qalan qalıqları məhv etmək üçün Suvorovu oraya göndərir. Knyaz bunun üçün sərkərdəsinə böyük səlahiyyət vermişdi" - deyir.

Yarımada formasına salınan sirli torpaqlar

Nəsir Ağayevin sözlərinə görə, həmin dövrdə Şimali Qafqazda yaşayan kalmıklar Krıma istinadgah kimi baxırdılar. Onların Krıma getmək istədiklərini deyən N.Ağayev bildirir ki, kalmıklar ora çatanda Krımda yaşayan 100 minlərlə türkün Çar Rusiyasının müstəmləkə siyasətindən bezib Osmanlıya qaçdıqlarının şahidi olurlar: "Yılmaz Öztuna "Böyük Türkiyə Tarixi" əsərin də yazır ki, 1427-ci ildə Krım Xanlığında 1 milyon 500 mindən çox türk yaşayıb. Həmin dövrdə Böyük Britaniya Krallığında 2 milyona yaxın insan vardı. Yəni ki, Krım əhalisinin sayı az qala Britaniyaya bərabər idi. Eyni zamanda Krımın ərazisi təkcə yarımada ilə məhdudlaşmırdı. Ərazisi 1 milyon kvadratmetrdən çox idi. Krımın ərazisi indiki Rusiyanın Cənub və Şərq hissəsi, Qara, Azov dənizləri, Dnepr çayından Şimali Qafqazadək böyük əraziləri əhatə edirdi. Həmin türk dövlətinin məhv edilməsi Çar Rusiyasının xarici siyasətinin əsas prioriteti idi. Rusiya Krım tatarları tarixi torpaqlarından sürgün etmək və kütləvi şəkildə qırmaqla türk millətlərinə divan tutmağa başladı. Ural dağlarının Qərbində məskunlaşan qıpçaq və sarmaklar da ərazilərindən didərgin salındı. Həmin xalqlar haqqında bu gün demək olar ki, məlumatlar yoxdur. Amma yer altında o xalqların varlığını sübut edən zəngin maddi-mədəniyyət abidələri var. 1917-ci ildə bolşevik inqilabı ilə 1922-ci ildə Sovet İttifaqı tarix səhnəsinə çıxanda Lenin Krım Muxtar Respublikasının yarandığını elan etdi. 1944-cü ildə Stalin 1 milyonda yaxın Krım tatarını türk olduqları üçün Orta Asiyaya sürgün etdirdi. Pyotr, Yekaterinanın dövründə həyata keçirilən sürgün siyasəti bir də Stalinlə təkrarlandı. Sürgündə tatarların yarısı yolda qırıldı, bir hissəsi Türkiyəyə getdi, digər qismi isə dünyanın müxtəlif ölkələrinə səpələndi. Tatarlara qarşı edilən sürgün və qırğın siyasətinə görə, Rusiya bu türk millətinə konpensasiya ödəməlidir. Genosidi üzərinə götürməlidir".

Jirnovski və Rusiya

Sabiq sədr vurğuladı ki, 1945-ci ildə Moskvanın əmrilə Krım muxtariyyəti ləğv edilir və yarımadaya Rusiya SSR-nin tərkibində vilayət statusu verilir. N.Ağayev əlavə etdi ki, 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ukrayna SSR-a ilhaq edilir. Bundan sonra Krıma muxtariyyət statusunun geri qaytarıldığını deyən Nəsir Ağayev qeyd etdi ki, Rusiya Krımın ona aid olmasını iddia edərək, rusları yarımadaya yerləşdirməyə başladı: "Bu gün də Krımda tatarların azlıq təşkil etməsində Rusiya cinayət məsuliyyəti daşıyır. Təkcə XVIII-XIX əsrlərin arxivlərində bununla əlaqədar kifayət qədər faktlar var. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu gün İngiltərə olarkən bu ölkədən olan həmkarı ondan rus ordusunun hansı səbəbə görə, Krıma madaxilə etməsini soruşur. Lavrov cavabında bildirir ki, Argentina yaxınlığında yerləşən Folklend adaları Böyük Britaniya üçün nədirsə, Krım da Rusiya üçün eyni mənanı daşıyır. Lakin Lavrov yaddan çıxarır ki, Folklend adasında Argentinaya məxsus şəhər və kəndlər yoxdur. Krımda isə müstəqil türk dövlətləri olub. Krımda türklər yaşayanda Moskvanın adı çəkilmirdi. Rus tarixçiləri də bunları etiraf edirlər. Xüsusilə Karamzin və Kastamarov Krımda ruslardan əvvəl qədim türk tayfalarının məskunlaşdığını bildirirlər. Məhz türklərin Krımda yerləşməsindən sonra Moskva knyazlığı ortaya çıxmağa başlayıb. Rusiyanın bütün iddialarının əksinə olaraq Krım tatar-türk etnogezilə tanınır. İmperiya ambisiyasının şişkin olması Rusiyanı o vəziyyətə gətirib ki, BMT, qlobal güc dövlətlərinin qərar və qətnamələrini, tətbiq etdiyi sanksiyaları heçə sayır. Rusiyanın bu ambisiyası dünya ağalığı iddiasından qaynaqlıdır. Əgər Rusiya Jirinovksi kimi mənəviyyatsız bir siyasətçi ilə hərəkət edərsə, nə əldə edəcək? Jirinovski isə mövcud olduğu dövrdə axmaqlıqdan başqa heç nə qazana bilməyib. Rusiyanın gələcək varlığını düşünən adamlar Jirnovskinin tezislərilə hərəkət etməməlidirlər. Əgər Rusiyanın taleyi Jirnovskinin taleyinə bənzəyəcəksə, vay o dövlətin halına".

"Çeçenlərə öz prezidentlərini seçmək hüququnu verməyən Rusiya onlara qarşı soyqırım siyasəti həyata keçirir. 100 mindən  çox çeçenin ölümündə məsul tutulan Rusiya dünya qarşısında cavab verməlidir".

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00