“Putin Azərbaycanda çaxnaşma yaratmaqda maraqlı deyil”

Vəfa Quluzadə: “Hələ 90-cı illərin böhranında bu cəhdlər heç bir nəticə vermədi”

Politoloq Vəfa Quluzuadə amerikalı siyasi analitik Pol Qoblın Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanda siyasi çaxnaşma yaratmaq üçün pul ayıracağı iddiasına cavab verib. V.Quluzadə hesab edir ki, Putinə Azərbaycanda çaxnaşma yaratmağa ehtiyac yoxdur. Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etmiş vəziyyətdə olduğunu deyən Vəfa Quluzadə qeyd edib ki, ona görə də Putinin belə bir addıma əl atmasını iddia etmək cəfəngiyyatdır: "Ukrayna tamam başqa məsələdir. Ukrayna Rusiya üçün böyük geosiyasi və strateji maraq daşıyır. Yanukoviçə qədər Ukrayna tamamilə Rusiyanın nəzarətində idi. Viktor Yanukoviçin devrilməsilə bu ölkənin Moskvanın nəzarətindən çıxmaq təhlükəsi yarandı. Rusiya buna görə bütün dünyanı silkəyən addımlar atdı. Azərbaycanda isə bunu təkrarlamağa heç bir ehtiyac yoxdur". Vəfa Quluzadə Vladimir Putinin SSRİ-ni yenidən bərpa etmək fikirlərilə razı olmadığını deyir. Politoloqun sözlərinə görə, Putin praqmatik siyasətçidir və başa düşür ki, Sovet İttifaqını təkrar etmək mümkün deyil: "Bunu bacarmayacaq. Digər tərəfdən Rusiyanın Ukraynada tam qələbəsi də mümkünsüzdür. Azərbaycan da təhlükədən sığortalanmaq üçün ehtiyatlı olmalıdır. Hazırda isə Rusiya tərəfdən Azərbaycana heç bir təhlükə yoxdur". Vəfa Quluzuadə Pol Qoblın Rusiyanın ölkədə etnikləri ayağa qaldırmaq cəhdlərində olacağı iddiasına da fikir bildirib. Politoloq qeyd edib ki, Azərbaycanda etnik seperatçılığı da qızışdırmaq mümkün deyil. Hələ 90-cı illərin böhranında bu cəhdlərin heç bir nəticə vermədiyini deyən Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycanda olan etnik qruplar tam rahat yaşayır: "Ona görə də belə avantüralar mümkün deyil. Çünki Azərbaycan hakimiyyəti Azərbaycanın bütün istiqamətlərinə əla şəkildə nəzarəti edir. Bu isə təhlükənin qarşısını alır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00