“Bəzi diplomatlar üçün insan haqları anlayışı yalnız Leyla Yunus kimi emissarlarını müdafiə etməkdən ibarətdir”
Fərid Şahbazlı: “Birləşmiş Ştatlar və Fransa səfirlikləri nə vaxtdan mühafizə polisi rolunu oynayaraq, kiminsə müşayiəti üçün aeroporta qədər gedir?”
2 May 2014 13:16 Siyasət"Hüquq müdafiəçisi" Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun bir sıra xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlar tərəfindən canfəşanlıqla müdafiə edilməsi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları ciddi etirazla qarşılanır. "İslahatçı Gənclər" İctimai Birliyi sədri Fərid Şahbazlı məlum hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən bəzi diplomatik korpusları sərt tənqid edib: "Başa düşə bilmirəm, Birləşmiş Ştatlar və Fransa səfirlikləri nə vaxtdan mühafizə polisi rolunu oynayaraq, kiminsə müşayiəti üçün aeroporta qədər gedir?! Bu gün Leyla Yunusu aeroporta qədər müşayiət edən diplomatları erməni təcavüzünün qurbanı olan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bir görüşə belə aparmaq olmur. Bu diplomatik korpusların təmsilçiləri müxtəlif bəhanələrlə erməni terrorunun qurbanı olan vətəndaşlarımızla görüşdən imtina edirlər. Görünür, bu diplomatlar üçün insan haqları anlayışı yalnız Leyla Yunus kimi emissarlarını müdafiə etməkdən ibarətdir. Necə olur ki, digər Azərbaycan vətəndaşlarını bir aylıq viza üçün aylarla get-gələ salan, əməkdaşlarının kobud rəftarı ilə ad çıxaran Fransa səfirliyi Leyla Yunusa və ərinə iki saata beş illik viza verir?" Fərid Şahbazlı bildirib ki, müasir gənclik olaraq imkan verə bilmərik ki, kimlərsə öz çirkin fəaliyyəti ilə Azərbaycan suverenliyini və dövlət maraqlarını təhdid altına atsın: "Leyla Yunusun ermənilərə yönəlik və onların maraqlarına xidmət edən əməllərini qətiyyətlə pisləyirik". "İslahatçı Gənclər" İctimai Birlik sədri onu da qeyd edib ki, Leyla Yunus və əri Arif Yunusun erməni xüsusi xidmət orqanlarının nəzarətində olan şəxs və qurumlarla əməkdaşlığı yenilik deyil və Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir: "Əgər özünü hüquq müdafiəçisi adlandıran şəxs Bakıda metroda terror törədən ermənini siyasi məhbus siyahısına salırsa, bu fakt Leyla Yunusla bağlı hər şeyi deyir. Onun illərdir ermənilərlə təslimçi sülhə hesablanan, milli maraqlarımıza təhlükə törədən fəaliyyəti ikrah hissi doğurur və cəmiyyət tərəfindən nifrətlə qarşılanır. Leyla Yunus dövlətə xəyanətdə ittiham olunan Rauf Mirqədirovun işi üzrə istintaqa dəvət olunursa, onun borcudur ki, istintaqın çağırışına əməl etsin". Fərid Şahbazlının sözlərinə görə, hansısa partiyanın, ictimai təşkilatın təmsilçisi olmaq heç kimə qanunlar qarşısında əlavə imtiyazlar tanımır: "Əgər Leyla Yunusun günahı yoxdursa, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərməyibsə, istintaqdan niyə qaçır? Görünür, Leyla Yunusun ermənipərəst siyasəti bu adamları xaricdə mülk sahibi olacaq qədər zənginləşdirib. Yəqin əmindirlər ki, istintaq zamanı onlara erməni dostlarının hesabına qazandıqları çirkin var-dövlət barədə də suallar ünvanlanacaq".
S.İsmayılbəyli