Oqtay Əsədov İsrailin xarici işlər naziri ilə görüşüb
2 May 2014 12:47 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müstəqil Azərbaycanın İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirən sədr qeyd edib ki, bu günədək ölkələrimiz arasında 7 sənəd imzalanıb, 6-sı isə baxılmaq üzrədir. Söhbətdə bildirilib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Sədr bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsrail xalqına və dövlətinə təşəkkür edib. Qeyd edilib ki, xarici ölkələrdə fəaliyyət göstərən yəhudi diasporaları da bu məsələdə əhəmiyyətli rol oynaya bilərlər. Hər iki ölkə diasporasının əlaqələrinin güclənməsi ümumi işin xeyrinə olardı.
Nazir Azərbaycanda mövcud olan tolerantlığı digər dünya dövlətləri üçün nümunə kimi dəyərləndirib. Qeyd edilib ki, ölkədə müxtəlif millətlərin və dini məzhəblərə məxsus xalqların dostluq və qarşılıqlı anlaşma şəraitində uzun illərdən bəri davam edən birgə yaşayışı həqiqətən heyrətamizdir. Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, diasporaların qarşılıqlı fəaliyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.