“Radikal müxalifət və Leyla Yunus eyni mərkəzdən idarə olunur” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Rusiyanın layihəsi olan Milli Şurada birləşən radikal müxalifətin bu gün hər hansı bir məsələyə münasibət bildirməyə haqqı yoxdur”
1 May 2014 17:50 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli radikal müxalifətin Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu dəstəkləməsi məsələsinə münasibət bildirib. Azərbaycan müxalifətinin fərqli qütblərə bölündüyünü deyən E.Mirzəbəylinin sözlərinə görə, Leyla Yunusu isə müxalifətin radikal qanadı dəstəkləyir. BAXCP rəsmisi hesab edir ki, SDİ rəhbərinə müxalifət daxilindən dəstəyin verilməsi bəlli yanaşmadır. E.Mirzəbəyli bu insanlar üçün obyektiv yanaşmanın olmadığı qənaətindədir: "Hakimiyyətin Azərbaycanın milli maraqlarının qorunması üçün atdığı addımlar belə radikal müxalifət tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Leyla Yunus məsələsində də həmin insanlar siyasi ambisiyalarını kənara qoya bilmədilər. Mövzuda bu qüvvələrin eyni mərkəzlərdən idarə olunması və oxşar beynəlxalq təşkilatlar vasitəsilə fəaliyyətlərinin stimullaşdırılması tezisləri də var. Həmin qüvvələrlə yaxından əməkdaşlıq ediblər. Söhbət əslində bütün məsələlərdə Azərbaycana qarşı çıxış edən və bununla yanaşı erməniləri himayə edən beynəlxalq qurumlardan gedir. Vaxtilə Rusiyanın layihəsi olan Milli Şurada birləşən radikal müxalifətin bu gün hər hansı bir məsələyə münasibət bildirməyə haqqı yoxdur. Son prezident seçkilərindən sonra bu insanlar siyasətdən getməli idilər. Görünən odur ki, həmin qüvvələr fəaliyyətlərini davam etdirirlər. Bu insanlar üçün dəyər anlayışı yoxdur. Digər tərəfdən müstəqil deyillər, öz iradələrindən asılı deyillər. Leyla Yunusu kim idarə edirsə, radikal müxalifəti də həmin şəxslər idarə edir". ("OLAYLAR" İA)