Zəfərə aparan yol
5 Oktyabr 11:19 Siyasət(birinci yazı)
2020-ci ilin 27 sentyabrından başlayan, 44 gün davam edən və bu müqəddəs savaşın zirvəsi olan 8 Noyab Zəfərindən 6 ilə yaxın bir zaman keçir. İllər ötdükcə, dəhşətləri, itkiləri, ağrıları, acıları ilə yanaşı fərəhi, sevincli ilə yaddaşlarımıza köçən həmin günlər zaman etibarı ilə bizdən nə qədər uzaqlaşdıqca, onun mötəşəmliyini daha dərindən dərk edir, misilsizliyinə heyran qalırıq. Bu qələbə, indiyədək müxtəlif tarixi dönmlərdə baş vermiş müharibələrin biri kimi sadəcə müharibə edən iki tərəfdən birinin qələbəsi deyildi. Ola bilər ki, dünyanın hansısa ölkəsində yaşayan hər hansı bir vətəndaş üçün, bir xalq üçün, bir dövlət başçısı üçün bu qələbə o qədər əhmiyyət kəsb etməsin. Lakin bu qələbə hər bir Azərbaycan vətəndaşı üçün, milli mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycanlı hesab edən hər bir fərd üçün, bütöv Azərbaycan xalqı üçün qeyri-adi bir hadisə idi. Bu qələbə 30 il bizim əzəli düşmənimiz olan mənfur erməni millətçilərinin əsarətində inləyən, bu illər ərzində həm mənəvi, həm fiziki təcavüzə məruz qalan, xarabalığa çevrilən Qarabağın, yağı əllərində qalan Şuşanın əsarətdən Qurtuluşu idi. Bu qələbə, fövqəladə bir qələbə, Fatehin fəthi idi. Bu Qələbə Müzəffər Ali baş Komandan lham Əliyevlə, onun sərkərdələrinin, əsgərlərinin birgə Triumfu idi. Xalqımızın və dövlətçiliyimuzin keşməkeşlərlə dolu tarixinin ən şərəfli qəhrəmanlıq səhfəsi olan 44 günlük zaman kəsiyinin hər günü bir tarixdir. Xalqımız, gələcək nəsilər tarix kitabımızın qızıl hərflərlə yazılmış bu səhfələrini oxuyarkən Azərbaycan Əsgərinin və onun Ali baş Komandanı Müzəffər İlham Əliyevin xidmətlərini zaman-zaman minnətdarlıqla, sevə-sevə yad edəcəklər. İllər ötəcək, nəsillər dəyişəcək, qədirbilən xalqımız, bütün arzu və istəkllərini kənara ataraq Vətənimizin ərazi bütyölüyünü təmin etmək üçün, canını "uff" demədən fəda etmiş, indi Şəhidlər xiyabanlarında uyuyan müqəddəs şəhidlərimizin xatirəsini ehtiramla yad edəcəkdir. Şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar, bir sözlə bütün yaradıcı insanlar özlərinin şah əsərlərini bu müqəddəs savaşa həsr edəcəklər və hər dəfə bu əsərlərin baş qəhrəmanları şəhidlərimiz, qazilərimiz, döyüşçülərimiz və Müzəffər Ali Abaş Komandan İlham Əliyev və onun sərkərdələri olacaqdır.
Prezidentimiz İlham Əliyev 2021-ci ildə, hər zaman mənəvi dəstəyini və hərtərəfli köməyini hiss etdiyimiz qardaş Türkiyənin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana, Şuşadan, Cıdır Düzündən Xankəndini göstərərkən, onun "Hotelimiz oradamı olacaq?" ritorik sualına Cənab Prezident cavab vermişdi ki, "Ora da gedəcəyik". Bu cavabın rellığa çevrilməsi uzun çəkmədi. Cənab İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəsarəti və qətiyyəti sayəsində Azəbaycan ordus 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə müasir tariximizə "Antiterror əməliyyatı" kimi daxil olan əməliyyat keçirdi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində son iki yüz illik tarixində Azərbaycanın köksündə xərçəngə, qara yaraya çevrilən erməni separatizminə birdəfəlik son qoydu. Prezident İlham Əliyevin ötən il iyun ayının 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə Cənab Ərdoğanın Xankəndiyə səfəri zamanı ona 4 il əvvəl işarə verdiyi yeni oteli göstərərək, sözü ilə əməlinin vəhdət təşkil etdiyini bir daha nümayiş etdirdi.
Lakin Zəfər gedən yol asan olmadı. Və mən də istədim ki, Qələbəmizin 6 illiyi ərəfəsində o günləri bir də nəzərdən keçirək, həmin tarixi biraz da birlikdə vərəqləyək...
...2003-cü ilin prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar seçkilərdə iştirak edə bilməyən Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət etdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektiv planlarım var...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Həmin ərəfədə prezidentliyə namizəd olan İlham Əliyev də Azərbaycan xalqına müraciətində demişdi: "Əgər siz mənə bu inamı, etimadı göstərsəniz mən Heydər Əliyevin siyasətinə sadiq qalacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm".
Və Azərbaycan xalqı Ulu Öndərin və İlham Əliyevin çağırışına mütəşəkkilliklə cavab verərək 2003-cü ilin prezident seçkilərində öz gələcək talelərini İlham Əliyevə etibar etdilər. Sonrakı illər sübut etdi ki, onlar bu seçimlərində yanılmayıblar.
İndi o günlərdən bizi 23 il ayırır...
Bu yazıda mənim məqsədim bir Prezident kimi İlham Əliyevin bütün fəaliyyəti barədə deyil, ölkənin bir nömrəli probleminin həlli istiqamətində gördüyü işlərdən söhbət açmaqdır. İlham Əliyevə - bu gənc dövlət başçısına, Sovet İttifaqından, təkcə Sovetlərdən yox, kökü 200 ildən çox zamana gedib çıxan dərin bir yara, ağır bir problem miras qalmışdı. Bu problemi yaradanlar onu elə bir düyünə salmışdılar ki, artıq onun həlli iki ölkənin səlahiyyət dairəsindən çıxaraq beynəlxalq problemə çevrilmişdi. İlham Əliyev bu problemə, onun köklərinə, yaradan səbəblərə, eyni zamanda həll yollarına dərindən bələd idi. Lakin onu həll etmək üçün çox iş görmək lazım idi. Bunların hamısından əvvəl isə ona səbr, təmkin, dözüm, iradə qətiyyət və cəsarət lazım idi və O, bu keyfiyyətlərə malik idi. İham Əliyev prezident seçildikdən dərhal sonra Ulu Öndər Heydər Əliyev tərəfindən problemin çözülməsi ilə əlaqədar müəyyənləşdirilmiş təməl prinsiplərini əsas götürərək Azərbaycanın qəti mövqeyini bəyan etdi: "Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti ola bilməz. Dağlıq Qarabağ probleminin həllinə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxıla bilər. Buna qədər isə işğal olunmuş torpaqlar qeyd-şərtsiz BMT TŞ-nın qətnamələrinə uyğun boşaldılmalı və işğalçı erməni qoşunları ərazidən çıxmalıdır." Və Vətən müharibəsi başlananadək hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ problemin həllinə doğru hər gün bir addım atdı.
İlham Əliyev hər zaman deyirdi: "İqtisadi güc ilk növbədə ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqların təmin etsin və insanlar daha da yaxşı yaşasın". Məhz elə bu məqsədlə də prezident kimi fəaliyyətə başladığı ilk günlərdən, 2003-cü ilin 24 noyabrında sonralar Azərbaycanın sosial iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edən tarixi fərmanını - "Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında" fərmanını imzalamışdı. Ümumiyyətlə cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə 200-dən artıq proqram xarakterli sənəd, o cümlədən 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 94 dövlət proqramı, 10 Milli Fəaliyyət Planı, 21 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqramlar qəbul edilmiş və bu sənədlərlə müəyyən edilmiş vəzifələr uğurla icra edilərək hamısı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, onun iqtisadi qüdrətinin güclənməsinə bir sözlə Qarabağ probleminin həlli üçün zəmin hazırlamasına xidmət edirdi.
Ordu quruculuğu hər zaman ölkə Prezidenti Cənab İlham Əliyevin dövlət siyasətinin əsas məsələlərindən hesab edilirdi. Ölkənin bir nömrəli probleminin həlli üçün ordu quruculuğu da bir nönrəli məsələ idi. O, qeyd edirdi ki: "Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün, xüsusilə nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, orduya diqqət yüksək səviyyədə olmalıdır." Azərbycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 17 il müddətində, arsenalında müasir hərb elminin və yüksək texnologiyaların tələblərinə cavab verən, taktiki döyüş təlimlərində sınaqdan keçirilmiş, yüksək dəqiqlikli ən müasir silahlara, onların idarə ediməsinə yiyələnmiş peşəkar zabit korpusuna, dünyanın ən qabaqcıl hərbi məktəblərində və ordularında müasir hərb elminin sirlərinə yiyələnmiş hərbi elitaya, yeni şəraitə uyğun mühəndis texnikin qurğulara malik, yüksək döyüş ruhlu güclü ordu qura bildi. Bu ordu istənilən şəraitdə, Istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir idi.
Azərbaycan cəmiyyətini qələbəyə kökləmək, onlara qələbə ruhunu aşılamaq, qələbə vərdişi yaratmaq Cənab İlham Əliyevin və ölkənin Birinci Xanımı, birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın daxili siyasətinin tərkib hissəsi olmuşdu. Avropanın "Eurovision" musiqi yarışmasında, I Avropa oyunlarında, İslam Həmrəylik oyunlarında və digər bu kimi yarış və müsabiqələrdə Azərbaycanın qalibiyyəti problemin həllinə istiqamətlənmiş mühüm strateji tədbirlər idi.
Ölkənin beynəlxalq nüfuzunun artırılmasının Qarabağ probleminin həllində mühüm amil olduğunu nəzərə alan İlham Əliyev bu istiqamətdə misli görünməyən addımlar atdı: 2011- ci ildə Qoşulmama Hərəkatına üzv olanda çoxları burnunun ucundan uzağı görə bilmədiyi halda (Yəni bu Azərbaycana nə verəcək?) bu hadisəyə istehza ilə baxırdılar. Lakin heç bir il keçməmiş, müstəqilliyinin 20 ilini yaşayan gənc respublikanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsində bu Hərəkatın üzvləri və daha 35 ölkə Azərbaycana səs verəndə opponentlərimiz başa düşdülər ki, nə üçün İlham Əliyev QH-ya üzv olmaq üçün müraciət edib. Sonrakı illərdə Azərbaycan BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına iki dəfə sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzunun parlaq nümayişi idi.
Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış, qarşılıqlı hörmət və bərabərtərəfli münasibətlərinin qurulması dünyanın aparıcı beynəlxalq təşkilatlarına üzv olan ölkələr ilə həm birliklər səviyyəsində, həm də ikitərəfli səviyyədə yüksək səviyyəli əməkdaşlıq, ən yaxın qonşularımız olan - Rusiya, İran, Türkiyə və Gürcüstan ilə 3 tərəfli formatda yüksək səviyyəli münasibətlərin qurulması, qardaş Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transimilli layihələr olan, - Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı - Tbilisi - Qars Dəmir yol xəttinin çəkilişi, Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri, Azərbaycan regionun mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi yolunda atılan addımlar, Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti, etibarlı tərəfdaş, qüdrətli dövlət kimi təqdim edirdi. Ölkəmizin Avropanın və regionun enerji təhlükəsizliyində uğurla iştirakı Qarabağ probleminin həlli üçün strateji əhəmiyyət kəsb edirdi. Bütün bunlara dövlət başçısı cənab İlham Əliyevin zəkası, uzaqgörənliyi, strateji düşünmə, məqsədyönlü, davamlı yorulmaz və gərgin fəaliyyəti sayəsində nail olunmuş və hamısı ölkənin bir nömrəli probleminin - Qarabağ probleminin həllinə yönəlmişdi.
Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycan tərəfindən Ermənistanı təcrid siyasətini bütün dünya ictimaiyyətinə bəyan etmişdi: "Azərbaycan razılığı olmadan Ermənistan heç bir regional layihəyə cəlb edilə bilməz və bu siyasət Qarabağ probleminin Azərbaycan şərtlərinə uyğun həlli tapılmayınca davam edəcəkdir". Bütün bunların nəticəsində Ermənistan iqtisadi cəhətdən zəif, ələbxım bir ölkəyə çevrilmişdi.
Xalqımızı qələbəyə aparan yolda Prezidentimi İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi tədbirləri qeyd etməmək mümkün deyil. Vətən müharibəsidən bir qədər əvvəl ölkədə keçirilən prezident və parlament seçkilərinin irəli çəkilməsi, 2018-ci ilin prezident seçkilərindən sonra idarəetmə sahəsində aparılan struktur dəyişiklikləri, hakimiyyətin bütün vəsilələrində aparılan kadr islahatları, kadrların seçilib yerləşdirilməsində keyfiyyət amili, müxalifət düşərgəsi ilə siyasi dialoqun qurulması, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan instutisional və inzibati tədbirlər, ölkənin idarə edilməsində əsaslı dəyişikliklərin aparılmasına yönəlmiş və dəqiq hesablanmış çox ciddi tədbirlər idi və bütün bu tədbirlər həm də xalqla iqtidar birliyinin daha da möhkəm və monolit şəkildə birləşməsinə yönəlmişdi. Ölkədə monolit xalq-iqtidar birliyi hökm sürürdü. 2020-ci ilin iyul ayında Tovuz rayonu ərazisindəki dövlət sərhəddində baş vermiş növbəti erməni təxribatının qarşısı qətiyyətlə alındıqdan sonra iyul ayının 14-dən 15-nə keçən gecə on minlərlə insanın Cənab Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan ordusuna dəstək nümayişi xalq-ordu və Ali Baş Komandan Birliyinin parlaq nümayişi idi. Ayrı-ayrı siyasətçilər, sadə insanlar, müxalifət nümayəndələri problemin hərb yolu ilə həlli barədə təkliflərini səsləndirəndə Cənab İlham Əliyevin İndi zərb məsəlinə çevirilmiş fikrlərində deyilirdi: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm".
Cənab İlham Əliyev sülh danışıqlarına sadiq qalaraq 17 il bütün kaprizlərə, yalanlara, riyakarlıqlara səbrlə, təmkinlə dözdü. Lakin bu dözümün bir dözümsüzlük həddi də var axı! Cənab Prezident 2020-ci il senytabr ayının 21-də BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclasında bütün dünya ictimaiyyətinə bir daha bəyan etdi: "Ermənistanın Baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyənatı danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanın Baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşlardan ibarət könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistan müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyənatları ilə hədələyir.Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür".
... Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə bütün cəbhəyə boyu əks hücuma keçdi...
( Davamı növbəti sayımızda)
Ramiz Göyüş
Yazıçı-publisist