“Azərbaycanın həyata keçirdiyi əməliyyatlar bir çox hərbi məktəblərdə öyrənilir” - ÖZƏL

" Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, əlbəttə ki, kifayət qədər mürəkkəb bir prosesdir. 2020-ci ilin 27 sentyabrında başlayan savaş ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşdı və bunun ardınca Qarabağdakı separatçı rejimin tör-töküntüləri Azərbaycanla uzlaşmaq əvəzinə konfrontasiya yolu seçdilər.
Baxmayaraq ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı konkret plan təklif etmişdi, onların hüquqlarının tam şəkildə təmin olunmasına təminat  verirdi. Amma orada yerləşən mövcud terrorçu qurum və Moskvadan ezam olunmuş Vardanyan və digərləri də konfrontasiya yolunu seçdilər və Azərbaycan ikinci mərhələ olaraq 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı keçirərək orada separatçı qurumun varlığına son qoydu. Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:

"Əlbəttə ki, bu proseslər asan başa gəlmədi. Bunun üçün uzun illər məqsədyönlü həyata keçirilən siyasət və hazırlıqlar aparıldı və eyni zamanda əlverişli beynəlxalq şəraitin yetişməsi gözlənildi. Gələcək təhlükələrin dəf edilməsi, onların təsirinin azaldılması üçün müvafiq tədbirlər görüldü və məhz bunun nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi.
Azərbaycanın yaratdığı bu reallıqlar həm də bir neçə presedent yaratdı. Belə ki, Azərbaycan ilk dəfə olaraq pilotsuz uçuş sistemlərindən istifadə edərək müasir savaş texnologiyalarını ortaya qoydu və məhz Azərbaycanın həyata keçirdiyi bu əməliyyatlar, apardığı savaş bir çox hərbi məktəblərdə öyrənilməkdə və tədris olunmaqdadır. Bundan başqa, Azərbaycan İkinci Dünya müharibəsindən sonra parlaq və qəti qələbə çalan tək ölkə oldu və özü təkbaşına öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Yəni bunların hamısı bir daha göstərir ki, uzun illərin hazırlığı və zəhməti hesabına başa gəlib. Eyni zamanda aparılan balanslı, çoxvektorlu siyasət, böyük güclərin də maraqlarını uzlaşdırmaqla əldə edilən bir qələbə kimi dəyərləndirilə bilər.
Əsas yaranmış fərq bundan ibarətdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31