Elçin Xalidbəyli: "Suverenliyin tam bərpası ilə inkişafın önündəki əngəllər qalxdı" – ÖZƏL

"Azərbaycan öz ərazi bütövlüyünün bərpası prosesində olduqca tarixi bir mərhələdən keçdi. Əvvəlcə Azərbaycan Ordusunun gücü, qüdrəti və savaş potensialı sayəsində Ermənistan ordusu məğlub edildi və Ermənistanın işğalı altında olan ərazilərimizin böyük bir hissəsi işğaldan azad olundu. Ardınca Xankəndi və ətraf bölgədə müvəqqəti qalmış separatçı, terrorçu erməni qruplaşmalarının sıradan çıxarılmasına hazırlıq prosesi başlandı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, rəsmi Bakı bu prosesi reallaşdırarkən erməni silahlı qruplaşmalarının terrorçu və separatçı xarakterini üzə çıxaracaq addımlar atdı və bütün dünya erməni separatçı-terrorçuların təxribatlarının, beynəlxalq hüquqa zidd addımlarının, beynəlxalq hüquqla heç bir şəkildə uyğun gəlməyən fəaliyyətinin şahidi oldu. Hər kəs reallığı qəbul etmək məcburiyyətində qaldı ki, Azərbaycanın ərazisində erməni mənşəli separatçı-terrorçu silahlı qruplaşmalar mövcuddur və Azərbaycan dövləti öz ərazisini bu terrorçulardan təmizləmək hüququna malikdir. Bu məsələnin hüquqi-siyasi tərəfi artıq tam hazırlandıqdan sonra, təbii ki, Azərbaycan Ordusu hərəkətə keçdi və Azərbaycan ərazisində qalmış erməni separatçı-terrorçuları tamamilə təmizlədi. Bunun nəticəsində Azərbaycan öz suveren hüquqlarını tamamilə bərpa etmiş oldu. Bunun ardınca, təbii ki, ən önəmli məqamlardan biri də reallaşdırıldı. O da ondan ibarətdir ki, erməni separatçı-terrorçuların əsas himayədarı olan Rusiya müxtəlif bəhanələrlə Azərbaycan ərazisində, məhz Xankəndi və ətraf bölgədə, daha dəqiq desək, sülhməramlı qüvvələr adı altında hərbi kontingent saxlayırdı. Azərbaycan Ordusunun qətiyyətli hərbi əməliyyatları sayəsində erməni terrorçu silahlı dəstələrinin sıradan çıxarılması nəticəsində Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalmasına da ehtiyac qalmadı. Nəticədə Azərbaycan ərazilərini işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin ölkə ərazisindən qovulmasının ardınca erməni separatçı-terrorçuları himayə edən, onların qorunmasına xidmət edən Rusiya sülhməramlı qüvvələri də Azərbaycan ərazisindən çıxarılmış oldu. Və bununla da Azərbaycan onilliklər boyu davam etmiş problemi - erməni separatizmi və terrorizmi problemini - Azərbaycan ərazisində birdəfəlik həll etmiş oldu və Azərbaycanın əsas probleminin üzərindən çarpaz xətt çəkmiş oldu. Bundan sonrakı mərhələ isə Azərbaycanın dinc şəraitdə inkişaf etmək mərhələsidir. Azərbaycanın inkişaf perspektivləri kifayət qədər geniş miqyaslıdır və artıq bu genişmiqyaslı inkişaf perspektivlərinin qarşısında elə bir ciddi əngəl qalmayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31