YAP-ın qurultayı gələcəyə istiqamət verən mühüm hadisədir- ÖZƏL

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni reallıqlar fonunda qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı keçdiyi şərəfli yolu, ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri və yeni mərhələdə qarşıda duran məqsədləri əhatə edən mühüm siyasi proqram xarakteri daşıyır. İlk dəfədir ki, YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu faktın özü ölkəmizin keçdiyi yolun miqyasını göstərməklə yanaşı, partiyanın siyasi fəaliyyətinin əsasları və qarşıdakı dövrün mahiyyətini ifadə edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Ölkənin ən böyük siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər qarşıdakı dövrdə partiyanın qarşısında dayanan əsas vəzifələrdən birinin də yeni reallıqlara uyğun müasir ideoloji fəaliyyət modelinin formalaşdırılması olduğunu nümayiş etdirir. Zəfər Azərbaycan xalqının tarixində yeni səhifə açıbsa, həmin Zəfərin mahiyyətini, nəticələrini və yaratdığı imkanları gələcək nəsillərə çatdırmaq da yeni tarixi məsuliyyətdir. Bu baxımdan, YAP-ın VIII Qurultayı təkcə keçmişə nəzər salan siyasi toplantı deyil, həm də gələcəyə istiqamət verən mühüm hadisədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə ölkənin qarşısında yeni imkanlar açılıb. İndi əsas məqsəd bu imkanlardan səmərəli istifadə etmək, milli birliyi daha da möhkəmləndirmək, dövlətçilik dəyərlərini qorumaq və Azərbaycan reallıqlarını müasir informasiya mühitində layiqincə təqdim etməkdir. Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi istiqamətlər YAP-ın qarşıdakı mərhələdə siyasi fəaliyyətinin məzmununu yeni çağırışlara uyğun zənginləşdirməklə yanaşı, partiyanın Azərbaycanın gələcək inkişafında məsuliyyətini də daha da artırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31