Prezident İlham Əliyev ideoloji təhlükəsizliyimizi qorumağı vacib şərt olaraq irəli sürdü-Özəl
11:13 Siyasət"Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin mahiyyətcə dərin olan nitqi partiya üzvlərinə xitab çərçivəsindən kənara çıxaraq xalqımızın bu günü və gələcək inkişafı üçün prinsipial məsələləri özündə əks etdirdiyindən, Azərbaycan əleyhinə olan dairələrə dərs verdiyindən tarixi əhəmiyyət daşıyır. Nitqin ana xəttini bir cümlə belə ifadə etmək olar: "Azərbaycan xalqının xoşbəxtliyi və hədəflərinə çatması yalnız özü, daxili enerjisindən güc alması, qüdrətli dövləti, yenilməz dövlət rəhbəri və təbii sabitlik ilə bağlıdır." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Bir neçə məsələni xüsusi qeyd etməyi vacib sayıram. Birincisi, Azərbaycan yalnız özü təkbaşına işğala son qoyub və bölgədə yaratdığı reallıqları bütün dünya qəbul edib. Əhəmiyyətinin miqyasına görə Azərbaycan, Cənubi Qafqaz və dünyanı əhatə edən qələbə xalqımız əbədi mövcud olduqca hörmət və ehtiramla anılacaq qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı, Azərbaycan xalqının zəhməti, rəhbərinin qətiyyəti, sarsılmaz iradəsi və vahid mövqedə olması nəticəsində qazanılıb. Mənbələrinin paylaşılması və şərik çıxılması mümkün olmayan, lakin bəhrəsindən bütün dünyanın faydalandığı tarixi zəfərin memarı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir. Artıq baş vermiş və dəyişdirilməsi mümkün olmayan tarixlə savaşanlar və ya ona cəhd edənlər bəri başdan uğursuzluğa məhkumdurlar.
Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının qurulmasaydı, ikinci dəfə hakimiyyətə gəlməsəydi və cənab İlham Əliyev Prezident seçilməsəydi bu gün qələbədən, Azərbaycanın dövlət suverenliyinin bərpasından da danışmaq olmazdı. Tarixdə təsadüflər olmur, hər şey zərurətdən doğur. İlahidən gələn zərurətin qarşısını isə almaq mümkün deyildir.
İkincisi, qələbənin qazanılması nəticəsində qarşıda yeni məqsədlərin qoyulduğu dinc dövrün başlanması qətiyyən tarixin unudulması anlamına gəlməməlidir. Başına gələnlərə "əşşi, olub-keçib" kimi baxan, bir zamanlar onu uğursuzluğa düçar edən və sonradan qələbəyə gətirən başlıca amilləri bilməyən, buraxılmış səhvlərdən düzgün nəticə çıxarmayan xalqın yenidən eyni problemlərlə üzləşməsi təhlükəsi vardır. Yeni hədəflərinə çatmaqdan ötrü dövlətimiz daim güclü, xalqımız dövlətimizin yanında olmalı, təbii sabitlik, xalqın milli ideyasını gerçəkləşdirən siyasət davam etdirilməlidir.
Üçüncüsü, müasir dövrdə hər hansı bir dövləti daxildən zəiflətməyə, müqavimət gücünü azaltmağa çalışan xarici dövlətlər ilk növbədə ona mədəniyyətlərini, ideologiyalarını sırımağa, gənclərinin "beyinlərini yuyaraq" kosmopolit kütlə formalaşdırmağa çalışırlar. Dünyada informasiyanın yayılmasının qarşısının alınmasının çətin olduğu, demək olar ki, mümkün olmadığı indiki şəraitdə həmin dairələr bundan ötrü təhsili, mədəniyyəti və medianı ən uyğun meydan olaraq görürlər. Ona görə də cənab Prezident İlham Əliyev milli təhlükəsizliyimizin vacib tərkib hissəsi olan ideoloji təhlükəsizliyimizi etibarlı qorumağı, təxribatların qarşını kəsməyi və vətənpərvər olmağı bir daha vacib şərt olaraq irəli sürdü. Bu isə təhsil, mədəniyyət və media sahəsində işlərin təkmilləşdirilməsini zəruri edir".