Kibertəhlükəsizlik ölkənin suverenliyi ilə birbaşa bağlıdır - Rauf Cabarov
11:24 Siyasət2020-ci il Vətən müharibəsi bizə böyük qələbə qazandırmaqla yanaşı, bir vacib həqiqəti də nümayiş etdirdi: qələbə yalnız səngərdə deyil, kiberməkanda da əldə olunur. Kibertəhlükəsizlik sahəsində aparılan mübarizə ənənəvi döyüşlər qədər əhəmiyyətlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabarov Bakıda keçirilən "4-cü Milli Kibertəhlükəsizlik Forumu"nun rəsmi açılış mərasimində deyib.
Sədr müavini xatırladıb ki, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan 2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul olunub. Təsisçilər bu vacib addımı vaxtında ataraq kibertəhlükəsizlik ekosisteminin inkişaf etdirilməsinin və ölkədə özəl kibertəhlükəsizlik şirkətlərinin sayının artırılmasının vacibliyi ilə bağlı cəmiyyətə mühüm mesaj verdilər.
R.Cabbarov vurğulayıb ki, ikinci və üçüncü forumlarda əsas diqqət kibertəhlükəsizlik şirkətlərinin sayının artırılması, onlara dəstək mexanizmlərinin gücləndirilməsi, kadr hazırlığının inkişaf etdirilməsi və peşəkar mütəxəssislərin yetişdirilməsi məsələlərinə yönəlib:
"Ötən il isə daha bir addım irəli ataraq kibertəhlükəsizlik forumunu Naxçıvanda təşkil etdik. Bu, mühüm mesaj idi ki, kibertəhlükəsizlik ölkənin suverenliyi ilə birbaşa bağlıdır və bu suverenlik Azərbaycanın hər bir nöqtəsində təmin olunmalıdır.
Bu gün isə artıq dördüncü Milli Kibertəhlükəsizlik Forumunu keçiririk. Forumun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, tədbirə 10-dan çox ölkədən 40-a yaxın peşəkar mütəxəssis cəlb olunub. İştirakçılar arasında "Huawei" və "CrowdStrike" kimi beynəlxalq şirkətlərin nümayəndələri, türk dövlətlərindən olan assosiasiyalar, dövlət qurumlarının təmsilçiləri, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin aidiyyəti qurum və təşkilatlarının rəhbər şəxsləri yer alır".
O bildirib ki, forum çərçivəsində müxtəlif memorandumların imzalanması nəzərdə tutulur və bununla da beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi hədəflənir.