Zaxarovanın açıqlaması nə deməkdir? Politoloq Rusiyanın region planlarını şərh etdi- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova, İrəvanın Rusiya ilə münasibətləri ilə bağlı açıqlamalarının onun hərəkətlərinə zidd olduğunu vurğulayıb. Zaxarova bildirib ki, Rusiyaya qarşı siyasət yürüdən Ermənistanın NATO ilə yaxınlaşması narahatlıq doğurur.XİN sözçüsü həmçinin qeyd edib ki, bütün bunlar Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxmaq istəyi ilə bağlıdır: "Əksinə, Rusiya Cənubi Qafqazdan çıxmayacaq və çıxmaq niyyətində də deyil. Bu, tarixi və coğrafi səbəblərə görə mümkün deyil. Lakin Aİ və ABŞ-ın regiondakı maraqlarının nə dərəcədə ciddi və uzunmüddətli olduğu sualı açıq qalır".

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Burada açıq şəkildə görünür ki, Rusiya birmənalı şəkildə Qafqazı tərk etmək niyyətində deyil. Yəni faktiki olaraq gözlənilir ki, Ermənistan Avropa İttifaqına doğru irəliləyəcək və Avropa İttifaqı ilə inteqrasiya layihələrinə başlayacaq. Ən azı Avropa İttifaqına üzvlüyə namizədlik, daha sonra isə üzvlük məsələsi gündəmdədir.

Buna qarşı olaraq Ermənistan Avrasiya İqtisadi Birliyindən, Gömrük İttifaqından və digər Rusiyameyilli platformalardan uzaqlaşa bilər. Ancaq bütün bu açıqlamalar onu göstərir ki, Rusiya Ermənistanın və onun müttəfiqlərinin sakit şəkildə Rusiyanın təsir dairəsini tərk edib uzaqlaşmasına imkan verməyəcək. Çünki Ermənistanın Avropa İttifaqına daxil olması, KTMT-dən çıxması, Rusiyadan uzaqlaşması və daha sonra hansısa formada NATO ilə əməkdaşlığa başlaması o deməkdir ki, faktiki olaraq Cənubi Qafqazı Rusiya itirir. Rusiyanın sərhədi isə Cənubi Qafqazdan yox, Şimali Qafqazdan başlayır.
Ancaq burada Rusiya rəhbərliyi qəti şəkildə ifadə edir ki, biz Qafqazdan çıxmayacağıq və bu regionu heç bir halda Avropa İttifaqına təslim etməyəcəyik.
Faktiki olaraq Rusiya bildirir ki, nə ABŞ-ın, nə də Avropa İttifaqının regionda uzunmüddətli maraqlarının olacağını düşünür və hesab edir ki, uzunmüddətli perspektivdə bu regionda qalacaq tərəf məhz Rusiyanın özüdür.
Yəni burada verilən açıqlamanın əsas mahiyyəti budur. Digər tərəfdən, Rusiya açıq şəkildə bildirməsə də, maksimum dərəcədə ABŞ-ın bölgədə möhkəmlənməsinin qarşısını almağa və regional təsir balansını öz xeyrinə dəyişməyə çalışacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31