“Çirkli pullar bu gün onun PR kampaniyasına xidmət edir”-Politoloqdan Vardanyan açıqlaması- ÖZƏL
16:32 SiyasətErmənistan əsilli rusiyalı milyarder, keçmiş separatçı rejimin "dövlət naziri" Ruben Vardanyanın 2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi müzakirələrə səbəb olub. Çexiyanın "Lidové noviny" qəzeti bu barədə məlumat yayıb.
Xatırladaq ki, Ruben Vardanyan bu ilin fevralında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və digər ağır cinayətlərdə təqsirli bilinib.
Bəzi xarici dairələrin Vardanyanı "Qarabağ ermənilərinin xilaskarı" kimi təqdim etməsi və insan hüquqları mükafatına namizəd göstərməsi ciddi etirazlarla qarşılanır.
Bu addım Azərbaycana qarşı siyasi təzyiq cəhdi kimi dəyərləndirilə bilərmi? Bəzi Qərb dairələrinin Ruben Vardanyanı "humanitar fiqur" kimi təqdim etməsinin arxasında hansı maraqlar dayanır? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Ruben Vardanyan Rusiyada bizneslə məşğul olub və orada onun əsas fəaliyyət istiqamətlərindən biri çirkli pulların yuyulması olub. Və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Donbasda separatizmi dəstəklədiyinə görə ona qarşı sanksiyalar tətbiq olunub. Amma Vardanyan kifayət qədər hiyləgər fiqurdur. O, qazandığı vəsaitlərin bir hissəsini xeyriyyəçilik fəaliyyətinə yönəldib, dünyanın müxtəlif fondları ilə əlaqələr qurub, humanitar təşkilatlarla münasibətlər yaradıb. Bir çox universitetlərin və təşkilatların, xüsusilə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan qurumların idarəetməsində təmsil olunmağa nail olub.
Həm erməni kilsəsi, həm də erməni diasporu ilə olduqca sıx əlaqələrə malik olan bu şəxsin Qərbdə də kifayət qədər tərəfdaşları və biznes ortaqları var. Hazırda onlar da müxtəlif vasitələrlə Vardanyanı müdafiə edirlər. Çexiyada ona insan hüquqları mükafatının namizəd göstərilməsi də məhz bu amillərlə bağlıdır.
Bir daha qeyd etmək istəyirəm ki, Vardanyan kifayət qədər böyük maliyyə imkanlarına malik şəxsdir və onun qazandığı çirkli pulların bir hissəsi bu gün onun müdafiəsinə, onunla bağlı PR kampaniyasının aparılmasına yönəldilir.
Bu, yalnız Qərblə bağlı məsələ deyil. Ümumiyyətlə, dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən bəzi fondlar və təşkilatlar maliyyə qarşılığında bu cür qərarlar qəbul edə bilirlər. Ona görə də bunu Qərbin sistemli yanaşması kimi qiymətləndirməzdim. Vardanyanın humanitar fiqur kimi təqdim edilməsinin arxasında onun vaxtilə qurduğu əlaqələr şəbəkəsi, tərəfdaşlıq etdiyi şəxslər və bu gün də müxtəlif formalarda onu müdafiə edən dairələr dayanır.
Bu baxımdan, Vardanyanla bağlı bu cür qərarların gələcəkdə də veriləcəyi istisna deyil. Çünki onun beynəlxalq səviyyədə kifayət qədər ciddi əlaqələri mövcuddur.
Amma bütün bunların Vardanyan haqqında çıxarılacaq məhkəmə qərarına təsir göstərəcəyini düşünmürəm. Çünki Azərbaycan bu məsələlərdə prinsipial mövqe nümayiş etdirir və Azərbaycana qarşı cinayətlər törətmiş şəxslər öz layiq olduqları cəzanı almalıdırlar".
Zeynəb Mustafazadə