Cənubi Qafqazda yeni konfiqurasiya: Bakı və İrəvan yaxınlaşır, Tiflis uzaqlaşır? – ÖZƏL

ABŞ-nin "The Washington Post" nəşrinin redaksiya məqaləsində bildirilir ki, getdikcə avtoritarlaşan "Gürcü Arzusu" hökuməti Donald Tramp administrasiyasının Cənubi Qafqazdakı strateji maraqlarına təhdid törədir. Qeyd olunur ki, vaxtilə Vaşinqtonun müttəfiqi olan Gürcüstan indi Qərblə əlaqələri qurban verərək Rusiya və İranın təsir orbitinə meyllənir, anti-Amerika siyasəti yürüdür.

"The Washington Post-un məqaləsi hazırda Amerika-Gürcüstan münasibətlərinin konkret vəziyyəti ilə bağlı məsələləri şərh edir. Məlum olduğu kimi, Gürcüstan hökuməti ilə rəsmi Vaşinqton arasında münasibətlərdə ciddi problemlər mövcuddur. Ümumilikdə demək olar ki, Gürcüstan hökumətinin Qərblə münasibətlərində ciddi çətinliklər var. Həm Avropa İttifaqı, həm də Amerika Birləşmiş Ştatları bu məsələdə Gürcüstan hökumətinə müəyyən təzyiqlər göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Qərb dairələri Gürcüstan hökumətinin hazırkı siyasi kursunu qəbul etmək istəmir. Onlar vəziyyəti belə təqdim edirlər ki, hakim "Gürcü Arzusu" hökuməti ABŞ ilə münasibətlərə ciddi xələl gətirir və Vaşinqtonun Cənubi Qafqaz siyasətinə zidd xətt yürüdür. Çünki hazırda ABŞ-nin Cənubi Qafqazın digər iki ölkəsi - Azərbaycan və Ermənistanla münasibətləri kifayət qədər yüksək səviyyədədir. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində Vaşinqtonda bir saziş paraflanıb. Artıq Trampın adı ilə bağlı olan bu layihənin həyata keçirilməsi istiqamətində real addımlar atılır. Bu isə Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətli təşəbbüsdür. Belə bir mərhələdə Gürcüstanın bu proseslərdən kənarda qalması və ABŞ ilə Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atmaması istər-istəməz Vaşinqtonda narahatlıq və qıcıq yaradır. Məncə, bu cür bəyanatların əsas səbəbi də məhz budur. Təbii ki, İran və Rusiya Qərbin, daha dəqiq desək, ABŞ və Avropa İttifaqının Gürcüstanda yaranmış təsir boşluğunu doldurmağa çalışırlar və bu istiqamətdə məqsədyönlü addımlar atırlar. Məqsəd Gürcüstandakı siyasi xəttə təsir göstərmək və onu öz maraqlarına uyğun formalaşdırmaqdır.

Ekspert qeyd edib ki, əgər Qərb Gürcüstanı öz təsir dairəsindən itirmək istəmirsə, o zaman qarşılıqlı addımların atılması zəruridir. Hesab edirəm ki, müəyyən müddətdən sonra Vaşinqton və Tiflis arasında münasibətlərin normallaşdırılması istiqamətində yüksək səviyyəli görüşün keçirilməsi mümkündür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31