Paşinyanın qələbəsi sülhə, rəqibləri isə Kremlə yol açır? – ŞƏRH – ÖZƏL
17:23 SiyasətErmənistanda iyunun 7-nə təyin olunmuş mühüm siyasi proseslər ölkənin gələcək xarici və daxili kursunu müəyyən etmək baxımından diqqət mərkəzindədir. Hakimiyyət və müxalifət arasında kəskinləşən rəqabət fonunda baş tutacaq bu hadisələr, təkcə Ermənistanın daxili sabitliyi üçün deyil, həm də Cənubi Qafqazın ümumi təhlükəsizlik arxitekturası üçün həlledici əhəmiyyət daşıyır.
"Ermənistan hazırda olduqca həssas siyasi mərhələdən keçir. Növbəti parlament seçkilərinin yekun nəticələri Ermənistanın gələcək taleyini böyük ölçüdə müəyyən edəcək. Əgər Paşinyan hakimiyyəti qalib gələrsə, o zaman rəsmi İrəvanın indiki Qərbə inteqrasiya siyasəti, Qərbə yaxınlaşma kursu və Rusiyadan uzaqlaşma cəhdləri əvvəlki kimi davam edə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan hakimiyyəti artıq indidən bəyan edir ki, Ermənistanın əsas hədəflərindən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Çünki bu proses Ermənistan üçün həm blokadadan çıxmaq, həm də iqtisadi inkişaf perspektivləri qazanmaq baxımından böyük əhəmiyyət daşıyır. Paşinyan hakimiyyəti bu siyasətdə israrlı davranmaq niyyətində olduğunu da qətiyyən gizlətmir. Ancaq Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi qüvvələr qalib gələrsə, o zaman Ermənistanın indiki xarici siyasət kursu ciddi dəyişikliyə məruz qala bilər. Bu halda Rusiyanın agentura şəbəkəsinə bağlı qüvvələr Ermənistanda hakimiyyəti ələ keçirərək xarici siyasət kursunu Kremlin sifariş və təlimatları əsasında müəyyən etməyə başlaya bilərlər. Yəni əslində Ermənistanın xarici siyasət kursunu məhz Kreml müəyyən etmiş olacaq. Bu da o deməkdir ki, Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşma siyasətindən imtina edə və Azərbaycanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesindən geri çəkilməyə başlaya bilər. Bu isə Cənubi Qafqazda gərginliyin artmasına, Rusiyanın bölgədə təsir imkanlarının güclənməsinə və Ermənistanın hərbi təxribat cəhdlərinin yenidən bərpa olunmasına səbəb ola bilər. Yəni bu o deməkdir ki, Cənubi Qafqazda sülhün və sabitliyin davam etməsi, region dövlətləri arasında normal münasibətlərin formalaşdırılması baxımından Paşinyan hakimiyyətinin seçkilərdə qalib gəlməsi böyük önəm daşıyır. Çünki hazırkı mərhələdə Ermənistanın xarici siyasət kursu təkcə bu ölkənin gələcəyinə deyil, bütövlükdə regionun siyasi və təhlükəsizlik mühitinə də təsir göstərə bilər. Əks təqdirdə, Rusiyanın agentura şəbəkəsinə bağlı qüvvələr hakimiyyətə gələrək Cənubi Qafqazda hərbi-siyasi gərginliyin maksimum həddə çatdırılmasına çalışa bilərlər. Bu da yenicə sabitliyə və sülhə yaxınlaşmış Cənubi Qafqazda növbəti dəfə hərbi xarakterli qarşıdurma mühitinin yaranmasına yol aça bilər. Belə bir vəziyyət region dövlətləri arasında etimadın azalmasına, normallaşma proseslərinin ləngiməsinə və ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik mühitinin yenidən risk altına düşməsinə səbəb ola bilər.
Səidə Ramazanova