Seçkilər, gərginlik və sülh prosesi:Ermənistanı hansı siyasi gələcək gözləyir? ÖZƏL
17:21 SiyasətErmənistanda 7 iyun tarixində baş tutacaq siyasi proseslər ölkənin gələcək istiqaməti baxımından diqqətlə izlənilir. Son dövrlərdə artan siyasi gərginlik, hakimiyyət daxilində və müxalifət düşərgəsində müşahidə olunan qarşıdurmalar fonunda bu tarix həm daxili, həm də regional baxımdan mühüm əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, Ermənistanda baş verən siyasi dəyişikliklər Cənubi Qafqazın ümumi sabitlik mühitinə də təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Ermənistanda baş verən gərginlik məhz seçki ərəfəsi ilə bağlıdır və düşünürəm ki, ayın 7-dən sonra, çox qısa müddət sonra bu gərginlik tamamilə aradan qalxacaq.
Xüsusilə mətbuatda belə bir fikir yayılıb ki, orada siyasi rəhbərlikdə dəyişiklik baş verə bilər, yəni müxalifət hakimiyyətə gələ bilər və müxalifət gəldiyi halda Cənubi Qafqazda gedən bütün sülh proseslərinin üzərindən xətt çəkiləcək və s. Bunu mən hipotetik versiya hesab edirəm. Çünki hər zaman bunu demişəm və bir daha təkrarlayıram, Ermənistandakı seçkilər Paşinyanın partiyasının qələbəsi ilə nəticələnəcək və düşünürəm ki, növbəti baş nazir yenə də Nikol Paşinyan olacaq. Bunun Cənubi Qafqaza heç bir təsiri olmayacaq. Çünki artıq Ermənistanın da, Azərbaycanın da siyasəti sülhə yönəlib. Cənubi Qafqazda iki ölkə arasında sülh müqaviləsi paraflanıb, sülhlə bağlı deklarasiya imzalanıb, sərhəddə artıq kommunikasiyaların bəziləri açılıb, müəyyən hissələrdə demarkasiya və delimitasiya prosesləri aparılır.
Düşünürəm ki, bu proses bundan sonra da davam edəcək və Cənubi Qafqazda gedən sülh prosesləri, Azərbaycanın həyata keçirdiyi siyasət üçün heç bir təhlükə görmürəm.
Rusiya tərəfindən dəstəklənən müxalifət qruplarının ölkə daxilində ciddi imkanları yoxdur. Rusiyanın açıq şəkildə mətbuatda və sosial şəbəkələr vasitəsilə apardığı təbliğat isə, düşünürəm ki, əks effekt verəcək və daha çox Paşinyanın mövqelərini gücləndirəcək.
Bu baxımdan müxalifətin heç bir şansı yoxdur və iyunun 7-də keçiriləcək seçkilərin nəticələri də bunu göstərəcək".
Zeynəb Mustafazadə