Aİ Ukraynaya iyunda 9,1 milyard avro ayırmağı planlaşdırır- ÖZƏL

Avropa Komissiyası Ukraynanın ilk maliyyə tranşını əldə etməsi üçün tələb olunan bütün texniki şərtləri hələ tam yerinə yetirmədiyini bildirsə də, Kiyevə 9,1 milyard avroluq vəsaitin iyunun sonunadək köçürüləcəyinə ümid edir. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfi tərəfindən yerinə yetirilməli olan bir neçə texniki prosedur hələ də qalır. Bundan sonra Avropa Komissiyası maliyyələşdirmə üçün müəyyən edilmiş tələblərin icra olunub-olunmadığı barədə yekun qərar qəbul edəcək.
Uyvari qeyd edib ki, ayrılması nəzərdə tutulan 9,1 milyard avronun 5,9 milyard avrosu hərbi məqsədlərə, ilk növbədə pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Qalan 3,2 milyard avro isə Ukraynanın büdcə ehtiyaclarının qarşılanmasına sərf olunacaq.
Avropa Komissiyası rəsmisi vurğulayıb ki, hərbi məqsədlər üçün ayrılan vəsait hesabına Ukrayna ilk növbədə yerli müdafiə sənayesindən və ya Avropa İttifaqı ölkələrindən PUA-lar satın almalıdır. Yalnız tələb olunan silah və texnikanın bu mənbələrdən təmin olunması mümkün olmadıqda, Kiyev həmin vəsaiti digər tərəfdaş ölkələrdən silah alışına yönəldə biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31