Qarabağ istehsal və inkişaf məkanı kimi formalaşır- ÖZƏL
15:13 Siyasət"Cənab Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə və Xocalı şəhərinə növbəti səfəri işğaldan azad olunmuş ərazilərimizin bərpası və Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Bu gün Qarabağda həyata keçirilən layihələr təkcə tikinti və quruculuq işləri ilə məhdudlaşmır. Burada yeni həyat qurulur, uzun illər həsrətində olduğumuz yurd yerləri yenidən canlanır, insanlar öz doğma torpaqlarına qovuşurlar. Böyük Qaladərəsi kəndində yaradılan müasir yaşayış şəraiti, yollar, kommunal infrastruktur və sosial obyektlər dövlətimizin vətəndaş rifahına göstərdiyi diqqətin konkret nəticəsidir.
Xüsusi vurğulanmalıdır ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin kənd sakinləri ilə görüşməsi, onların sevincini bölüşməsi və gündəlik qayğıları ilə maraqlanması xalqla dövlət arasındakı güclü bağlılığın növbəti təzahürüdür. Qarabağın bərpası prosesində əsas məqsəd insanların rahat, təhlükəsiz və layiqli həyat şəraitinin təmin olunmasıdır.
Xocalıda "Qarabağ Tekstil Evi" MMC-nin fəaliyyətə başlaması bölgənin iqtisadi inkişafı baxımından mühüm hadisədir. Yeni istehsal müəssisələrinin yaradılması məşğulluğun artırılmasına, yerli iqtisadiyyatın güclənməsinə və Qarabağın ölkənin iqtisadi həyatına daha sürətli inteqrasiyasına xidmət edir. Bu cür layihələr göstərir ki, Qarabağ həm yaşayış, həm də istehsal və inkişaf məkanı kimi formalaşır.
Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün əsaslı təmir olunmuş fərdi evlərdə yaradılan şərait isə dövlətimizin qəhrəman hərbçilərimizə verdiyi yüksək qiymətin göstəricisidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmət göstərən hərbçilərin sosial təminatı daim diqqət mərkəzində saxlanılır.
Bu gün Qarabağda müşahidə etdiyimiz genişmiqyaslı quruculuq möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasətinin, güclü liderliyinin və xalqımızın milli həmrəyliyinin nəticəsidir. Bir vaxtlar dağıdılmış şəhər və kəndlərimizin yerində müasir yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, müəssisələr və yeni iş yerləri yaradılır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixinin ən mühüm dövlət layihələrindən biridir. Bu proqram xalqımızın öz torpaqlarına bağlılığını, dövlətimizin gücünü və gələcəyə inamını aydın şəkildə ortaya qoyur. Qarabağ bu gün dirçəlir, inkişaf edir və Azərbaycanın ən müasir bölgələrindən birinə çevrilir".