Nəhəng müharibəyə HAZIRLIQ BAŞLADI - ŞOK DETALLAR
14:28 SiyasətNATO və İsveç Baltik dənizində strateji əhəmiyyətə malik Gotland adasını Rusiya təhlükəsinə qarşı böyük hərbi mərkəzə çevirməyə başlayıb. "Batmayan təyyarədaşıyan gəmi" adlandırılan adada 18 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirilib, müdafiə yatırımları və hərbi qüvvələrin yerləşdirilməsi isə sürətlə artırılır.
Musavat.com xəbər verir ki, Baltik dənizinin ortasında yerləşən kiçik Gotland adası Rusiyanın Kalininqrad bölgəsindən təxminən 300 kilometr məsafədə yerləşir. Avropalı hərbi komandanlar hesab edir ki, mümkün Rusiya-NATO qarşıdurması zamanı ada ən kritik cəbhələrdən birinə çevrilə bilər.
ABŞ-ın Avropadakı hərbi iştirakını azaltmaqla bağlı siqnallar verməsi fonunda Gotlandın müdafiəsi daha çox Avropa ölkələrinin üzərinə düşüb. Son dövrdə artan hibrid hücumlar və təhlükəsizlik riskləri səbəbindən İsveç və NATO müttəfiqləri adanı yenidən güclü hərbi bazaya çevirmək üçün hərəkətə keçib.
İsveç 2024-cü ildə NATO-ya qoşulduqdan sonra adada ilk NATO koordinasiyalı hərbi təlimini başa vurub. Cəmi bir neçə kənd və bir şəhərdən ibarət olan adadakı təlimlərə 13 ölkədən təxminən 18 min hərbçi qatılıb. Təlimlərin əsas məqsədinin mümkün Rusiya hücumuna qarşı hazırlıq olduğu bildirilib.
İsveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Michael Claesson təlim zamanı bildirib ki, Rusiya zəif nöqtələri müəyyən etməyə və onlardan istifadə etməyə çalışır. Onun sözlərinə görə, mümkün təhlükə hər an yarana bilər.
Son 18 ay ərzində Gotlandda kritik su sistemində sabotaj, dənizaltı fiber-optik kabel kəsintiləri və radio siqnallarına müdaxilə kimi hadisələr qeydə alınıb. NATO-ya yaxın ekspertlər bu hadisələri artan hibrid təhlükələrin göstəricisi kimi qiymətləndirirlər.
Tarix boyu Danimarka, İsveç və qısa müddət ərzində Rusiyanın nəzarətində olan Gotland strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır. Ada Baltik regionunda hava əməliyyatları üçün mühüm baza hesab edilir və buna görə "batmayan təyyarədaşıyan gəmi" adını alıb.
İsveç hökuməti adaya əlavə hərbi qüvvələr yerləşdirməyə başlayıb. Soyuq müharibədən sonra tətbiq olunan silahsızlaşdırma siyasətindən geri çəkilən ölkə, adadakı hərbi və infrastruktur layihələrinə 200 milyon avrodan çox vəsait ayırıb. Hazırda adada yerləşən 4 min 500 hərbçinin sayının yaxın bir il ərzində daha da artırılması planlaşdırılır.
Mütəxəssislər bildirirlər ki, Gotlanda nəzarət edən tərəf Baltik dənizində baş verən hadisələrin böyük hissəsinə təsir göstərə bilər. Bu səbəbdən kiçik ada hazırda Avropanın ən strateji nöqtələrindən biri hesab olunur.