Vaxtilə infrastruktur çatışmazlığı yaşayan bölgələrdə bu gün fərqli mənzərə formalaşıb- ÖZƏL
12:24 Siyasət"Azərbaycanın inkişaf modelinə nəzər saldıqda aydın görünür ki, ölkədə iqtisadi siyasətin əsas istiqamətlərindən biri bölgələrin inkişafı və kənd təsərrüfatının gücləndirilməsi olub. Son illər ərzində həyata keçirilən proqramlar, infrastruktur layihələri və dövlət dəstəyi mexanizmləri kənd təsərrüfatının təkcə istehsal sahəsi kimi deyil, həm də sosial və iqtisadi sabitliyin əsas dayaqlarından biri kimi formalaşmasına xidmət edib". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər isə bu siyasətin yeni mərhələyə daxil olduğunu göstərir. Bu çıxışda diqqəti cəlb edən əsas məqamlardan biri kənd təsərrüfatına yalnız bugünkü nəticələr prizmasından deyil, uzunmüddətli perspektivdən baxılması idi. Çünki kənd təsərrüfatı bir günlük və ya birillik nəticələrlə ölçülən sahə deyil. Bu, strateji yanaşma, ardıcıl siyasət və böyük resurs tələb edən bir istiqamətdir. İyirmi ildən artıq müddətdə görülən işlər artıq konkret nəticələr verir. Vaxtilə infrastruktur çatışmazlığı yaşayan bölgələrdə bu gün tamamilə fərqli mənzərə formalaşıb. Qazlaşdırma səviyyəsinin yüksəlməsi, elektrik təminatının gücləndirilməsi, yolların çəkilməsi, yeni su anbarlarının və kanalların tikilməsi kənd təsərrüfatının inkişafı üçün mühüm zəmin yaradıb. Əgər bir dövr kəndlərin əsas problemi işıq, qaz və yol idisə, indi artıq müzakirə olunan məsələlər fərqli xarakter daşıyır. İndi söhbət məhsuldarlığın artırılmasından, rəqəmsal texnologiyalardan, torpaqların dəqiq təhlilindən və ixrac imkanlarının genişləndirilməsindən gedir. Bu isə kənd təsərrüfatının yeni mərhələyə daxil olduğunu göstərir"