Ulu Öndər insanlara dövlət anlayışını yenidən qaytardı- ÖZƏL

"1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Lakin ölkənin qarşılaşdığı vəziyyət son dərəcə ağır idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal olunur, ölkədə siyasi xaos hökm sürürdü. Hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran, ordudakı nizamsızlıq və vətəndaş qarşıdurması Azərbaycanı parçalanma həddinə gətirmişdi. Ən təhlükəli məqam isə insanların dövlətə olan inamını itirməsi idi". "Olaylar" xəbər verir ki,  bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Müstəqillik vardı, amma onu qoruyacaq güclü dövlət mexanizmi yox idi. Xalq artıq anlayırdı ki, yalnız emosiyalarla dövlət idarə etmək mümkün deyil. Azərbaycanı xilas edəcək uzaqgörən liderə ehtiyac vardı. Belə bir ağır zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni dağılmaq təhlükəsindən xilas etdi. Onun hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Çünki bəzi liderlər vəzifəyə gəlir, bəzi liderlər isə dövlətin dağılmasının qarşısını almaq üçün tarix tərəfindən çağırılır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri yalnız müstəqilliyi qorumaq olmadı. O, insanlara dövlət anlayışını yenidən qaytardı. Azərbaycanı xaosdan sabitliyə, qeyri-müəyyənlikdən inkişaf yoluna çıxardı.

Ən əvvəl ölkədə sabitlik yaradıldı. Dövlətçiliyə qarşı çıxan qüvvələrin qarşısı alındı. Orduda nizam-intizam bərpa edildi. İnsanlarda dövlətə və gələcəyə inam formalaşdırıldı. Çünki Heydər Əliyev yaxşı bilirdi ki, qorxmayan xalq qurmaq üçün əvvəlcə güclü dövlət qurmaq lazımdır. Müstəqilliyin qorunması üçün iqtisadi güc də vacib idi. Buna görə "Əsrin müqaviləsi" imzalandı və Azərbaycanın enerji resursları dünya bazarına çıxarıldı. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, iqtisadi müstəqilliyini də möhkəmləndirdi. Lakin Heydər Əliyevin ən mühüm xidmətlərindən biri milli dövlətçilik düşüncəsini xalqa qaytarması oldu. O, insanlara başa saldı ki, dövlət yalnız hakimiyyət deyil dövlət xalqın gələcəyidir. Amma onun xüsusi diqqət yetirdiyi bir məsələ vardı - gənclər. Çünki Heydər Əliyev yaxşı anlayırdı ki, müstəqilliyi tanklar yox, düşüncəli gənclər qoruyacaq. O, gənclərə yalnız gələcəyin insanı kimi baxmırdı. Onları dövlətin taleyini daşıyan qüvvə hesab edirdi. Buna görə təhsil siyasəti gücləndirildi, minlərlə gəncin inkişafı üçün imkan yaradıldı, milli-mənəvi dəyərlərlə müasir düşüncə arasında körpü quruldu. Təhsil, elm, idman və vətənpərvərlik sahəsində həyata keçirilən siyasət nəticəsində yeni düşüncəli Azərbaycan gəncliyi formalaşmağa başladı. Gənclərə yalnız diplom almaq yox, dövlətinə bağlı və məsuliyyətli vətəndaş olmaq öyrədilirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31