Qarabağ həqiqətləri dünya gündəmində: “Baku Call to Action”ın siyasi əhəmiyyəti ÖZƏL
15:09 SiyasətAzərbaycan 18-22 may tarixlərində 176 ölkədən 58 min iştirakçının qatıldığı 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edib. Forumun yekununda qəbul olunan "Baku Call to Action" sənədində müharibə və urbisidin (şəhərlərin məhvi) yaşayış məntəqələrinə və sosial infrastruktura dağıdıcı təsiri xüsusi vurğulanıb. Bu nəticə Azərbaycanın uzun illər işğal dövründə Ağdam, Füzuli kimi şəhərlərində törədilən urbisid, kultursid və ekosid reallıqlarını qlobal müstəvidə leqallaşdırmasına şərait yaradıb. Tədbir Qarabağ və Şərqi Zəngəzurun sıfırdan bərpası istiqamətində ölkəmizin post-münaqişə strategiyasını və regional liderliyini dünyaya nümayiş etdirərək Azərbaycanın diplomatik mövqeyini gücləndirib.
"Baku Call to Action" sənədi Azərbaycanın beynəlxalq hüquqi mövqeyini necə gücləndirir?WUF13-ün uğuru Azərbaycanın regional liderlik imicinə necə təsir edəcək? Bu forum Qarabağın bərpasına xarici investisiya cəlbini sürətləndirə bilərmi? Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" "Baku Call to Action" o deməkdir ki, artıq Bakı sadəcə tədbiri keçirməklə kifayətlənmir. Eyni zamanda bütün dünyaya hərəkətə keçmək vaxtının yetişdiyini və birlikdə hərəkət etməyin vacibliyini xatırladır. Bu, özlüyündə çox ciddi əhəmiyyət daşıyır. Çünki dünyanın ən güclü dövlətlərinin məsuliyyəti öz üzərlərinə götürməli olduqları bir reallıqda onların bunu etməməsi bir yana qalsın, iqtisadi, siyasi və diplomatik təsirlər baxımından onlardan geridə olan bir ölkənin-Azərbaycanın belə bir missiyada önə çıxması və hərəkətverici qüvvəyə çevrilməsi, əlbəttə ki, rəsmi Bakının beynəlxalq mövqeyini gücləndirəcək, onun imicinə də xüsusi təsir göstərəcək. Çünki məşhur bir deyim var: planet hamımızındır və onu da biz hamımız birlikdə qorumalıyıq. Təəssüf ki, bəzi böyük dövlətlər və ya güclü hesab etdiyimiz bir sıra ölkələr bu məsuliyyətdən boyun qaçırırlar. Onlar nəinki planetimizi qorumaq üçün addımlar atmırlar, eyni zamanda ona zərər verəcək qanlı münaqişələrə, böhranlara səbəb olurlar. Bu da, əlbəttə ki, ürəkaçan hal deyil. Belə bir vəziyyətdə Bakının indi belə bir missiyanı öz üzərinə götürməsi, yəni forumun uğurlu təşkili və gələcəyə yönəlik ciddi mesajların verilməsi Azərbaycanın həm regional, həm də beynəlxalq mövqeyinə ciddi təsir göstərəcək. Çünki artıq bu cür qlobal çağırışlardan söhbət gedəndə təkcə region deyil, Azərbaycan adı da ön plana çıxacaq. Çünki ölkə artıq beynəlxalq əhəmiyyətli bir tədbir keçirib və bununla kifayətlənməyərək, onun gələcəyə doğru daha ciddi bir təşkilatlanmaya çevrilməsi üçün çağırışlar edib, zəmin hazırlayıb. Bu da, əlbəttə ki, istər dost ölkələr, istərsə də dost olmayan ölkələr tərəfindən görünür, bilinir və Azərbaycan adına yazılan növbəti uğur kimi tarixə düşəcək. Forumun Qarabağ məsələsində investisiya cəlbinin sürətləndirilməsinə, mənə elə gəlir ki, burada məsələyə iki tərəfdən yanaşmalıyıq. Çünki Azərbaycan hər nə qədər ciddi layihələr həyata keçirsə, beynəlxalq səviyyəli tədbirlər təşkil etsə və dünyaya, yəni hamımızın ümumi evi olan Yer planetinə faydalı addımlar atsa da, bu təşəbbüslər dost ölkələr tərəfindən yüksək qiymətləndirilir. Əksinə, bizi özünə rəqib və ya düşmən hesab edən dairələr isə bunu qıcıqla qarşılayır, anti-Azərbaycan siyasətlərini daha da genişləndirirlər. Azərbaycanın inkişaf edən addımlarını gördükcə bu münasibət daha açıq hiss olunur.
Məhz buna görə Qarabağın investisiya məsələsində də forumdan sonra dost ölkələrin daha çox maraq göstərəcəyi gözlənilir. Çünki onlar Azərbaycanın işğal nəticəsində dağıdılmış infrastrukturunu qısa müddətdə bərpa etməsinə dəstək vermək istəyəcəklər. Bizi özünə düşmən sayan ölkələr isə təbii ki, bu forumun uğurlarına digər nailiyyətlərimiz kimi yenə qısqanclıqla yanaşacaq və investisiya layihələrində iştirak etməyəcəklər.
Ancaq bu vəziyyət bizə başqa istiqamətdən fayda verə bilər. Elə neytral ölkələr var ki, bizim region haqqında geniş məlumata malik deyildilər. Bu tədbir onlar üçün də bir çağırış ola bilər ki, əgər dünya səviyyəsində uğurlu və faydalı layihələr həyata keçirmək istəyirlərsə, Bakı kimi bir tərəfdaşla əməkdaşlıq edə bilərlər. Həmin neytral ölkələr Azərbaycanla bağlı xarici siyasətlərində müəyyən yeniliklər və dəyişikliklər edə bilərlər. Bu da, əlbəttə ki, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, eyni zamanda Qarabağdakı quruculuq işlərində yeni tərəfdaşların qazanılmasına fayda verə bilər".
Zeynəb Mustafazadə