Erməni diplomat BMT-də Paşinyana qarşı çıxıb?- İrəvanda yeni çat yaranır
14:47 SiyasətErmənistan hakimiyyətinə yaxın diplomatların susqunluğu fonunda BMT tribunasında səslənən bəzi fikirlər İrəvanda yeni siyasi suallar doğurub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın BMT-də daimi nümayəndəsinin müavini Jirayr Ananyan Təhlükəsizlik Şurasında "Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması" mövzusunda keçirilən açıq müzakirədə diqqət çəkən çıxış edib.
Ananyan beynəlxalq humanitar hüququn zəiflədilməsi, beynəlxalq təşkilatların fəaliyyətinin məhdudlaşdırılması və müstəqil medianın sıxışdırılması ilə bağlı qəribə cümlələr işlədib:"Beynəlxalq humanitar hüquqdan imtina, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti məsələsində məhdudiyyətlər, beynəlxalq iştirakın daraldılması, azad mediaya təzyiqlər və müstəqil vətəndaş cəmiyyətinin səsinin boğulması zərər çəkmiş əhalinin müdafiəsini çətinləşdirir".
Ermənistan daxilində bəzi müşahidəçilər bu çıxışın dolayısı ilə Nikol Pashinyan hakimiyyətinə ünvanlandığını iddia edir. Son illər hökumətin media ilə münasibətləri, vətəndaş cəmiyyəti ətrafında gərginlik və Qarabağdan sonra yaranmış daxili siyasi böhran fonunda Ananyanın sözləri xüsusilə diqqət çəkib.
Bəzi erməni şərhçilər artıq İrəvan diplomatiyasında fərqli mövqelərin formalaşmağa başladığını və bunun hakimiyyət daxilində gizli narazılığın əlaməti ola biləcəyini müzakirə edir. Bununla belə, Ermənistan hökuməti və ya Xarici İşlər Nazirliyi diplomatın çıxışı ilə bağlı hələlik heç bir şərh verməyib.