1993-cü ilə qədər müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı- ÖZƏL
14:28 Siyasət"Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Ümummilli Lider Heydər Əliyevin cəsarəti, müdrikliyi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı bu müstəqillik yoluna çıxarıb. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".