Qanalı ekspert: Azərbaycan davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir

Azərbaycan yüksək səviyyədə təşkilatçılıq nümayiş etdirir və davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir.

Bunu AZƏRTAC-a müsahibəsində Qana və digər Afrika ölkələrində tullantıların idarə olunması ilə məşğul olan "Just One Group of Companies" şirkətinin urbanisti Alfred Amboke bildirib.

Alfred Amboke deyib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak etmək onun üçün, ilk növbədə, yüksəksəviyyəli təşkilatçılıq sayəsində müsbət təcrübə olub. O, könüllülərin səmərəli işini, onların əsas mövqelərdə yerləşməsini və iştirakçılara kömək göstərdiklərini qeyd edib ki, bu da onun fikrincə, beynəlxalq tədbirin ümumi təəssüratını xeyli artırıb.

Agentliyin həmsöhbəti, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyini və mehribanlığını vurğulayaraq əlavə edib ki, forum iştirakçıları səmimi qarşılanma və açıqlıq sayəsində özlərini rahat hiss edirlər.

O, Azərbaycanın rolunu qiymətləndirərək bildirib ki, ölkənin BMT-nin böyük tədbirinə ev sahibliyi etməsi onun davamlı şəhərsalma gündəliyinin irəliləməsindəki fəal mövqeyini nümayiş etdirir.

"Mənzil siyasəti və şəhərsalma da daxil olmaqla, Azərbaycanın strateji yanaşması digər ölkələr üçün nümunə ola və davamlı şəhərsalma inkişafı sahəsində ən yaxşı təcrübələrin mübadiləsini asanlaşdıra bilər", - deyə Alfred Amboke fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31