Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib
17:54 SiyasətAzərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın 22-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Partiya sədri Elşən Musayev bildirib ki, ötən görüşlərdə olduğu kimi bu görüşdə də Partiyanın ölkənin ictimai-siyasi həyatında iştirakı və parlamentdə fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılmışdır. Partiyanın gələcək fəaliyyəti üçün olduqca səmərəli keçən görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni siyasi konfiqurasiyanın siyasi plüralizmin inkişafı baxımından böyük əhəmiyyət daşıması haqqında müzakirə aparılmış, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi qeyd edilmişdir.
Qanunvericilik bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi prosesində Milli Məclisdə təmsil olunan partiyaların iştirakçılığı haqqında söz açan tərəflər bu xüsusda "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra partiyalar üçün yaradılmış münbit fəaliyyət şəraitini yüksək dəyərləndirmiş, yeni Qanunun siyasi partiyaların və bütövlükdə siyasi sistemin təkmilləşməsinə və inkişafına böyük təkan verdiyini qeyd etmişlər.
Görüşdə ölkəmizdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində dünyanın aparıcı şəhərsalma və urbanizasiya üzrə mütəxəssislərinin bir araya gəlməsinin və Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda müasir tələblərə cavab verən şəhərlər və kəndlər inşa etməsinə şahidlik etməsinin ölkəmizin dünyada artan nüfuzuna böyük töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Milli maraqlar baxımından Azərbaycanın olduqca uğurlu xarici siyasət həyata keçirməsi, regionun və Avropanın enerji təhlükəsizliyində rolunun hər gün artması, ölkəmizdə qarşı aparılan qərəzli siyasi kampaniyalara bütün səviyyələrdə adekvat cavab verilməsi və digər bu kimi məsələlər dövlətimizin gücünün göstəricisi kimi xarakterizə edilmişdir.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının
Mətbuat Xidməti