Mərakeşli nümayəndə: Hər kəsin şəhərlərdən bərabər istifadə etmək hüququ var
17:40 SiyasətƏsas məsələ şəhərlərin qadınlara, gənclərə, ümumilikdə hər kəsə bütün imkanlardan yararlanmaq və "şəhər hüququ" adlandırılan hüquqa sahib olmaq imkanı yaratmasıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmiş Mərakeş Milli Mənzil Şurasının baş katibi Fatna Şihab deyib.
Hər kəsin şəhərdən bərabər şəkildə istifadə etmək hüququnun olduğunu diqqətə çatdıran F.Şihab bildirib: "Bu ədalətli şəhərsalma planları vasitəsilə mümkündür. Belə planlaşdırma hər bir insanın ehtiyac duyduğu infrastrukturu və şəraiti təmin etməlidir. Məsələn, qadının körpə arabası ilə rahat hərəkət edə bilməsi üçün əlçatanlıq vacibdir. Hər bir vətəndaşın açıq məkanlara və yaşıl zonalara çıxış hüququ olmalıdır. Gənclərin idmanla məşğul olmaq, futbol oynamaq üçün yaxın ərazilərdə idman meydançalarına ehtiyacı var. Bu baxımdan, şəhərsalma planlaşdırılması bütün vətəndaşların fərqli ehtiyaclarını nəzərə almalıdır. Şübhəsiz ki, şəhər planlaşdırması sosial həmrəylik, dayanıqlılıq və davamlı inkişaf prinsiplərini özündə birləşdirəndə, bu yanaşma bütün şəhərlər üçün daha sağlam və yaşana bilən mühitin formalaşmasına zəmanət verir".