Quru sərhədlər və turizm: Mövcud vəziyyət necə təsir göstərir?- ÖZƏL
16:49 SiyasətDövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk dörd ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalıb. Ən ciddi geriləmə isə Körfəz ölkələrindən gələn turistlərdə müşahidə olunub. Ekspertlər bunu xidmət qiymətlərinin yüksək olması, bəzi prosedur çətinlikləri və quru sərhədlərinin bağlı qalması ilə əlaqələndirirlər. Turist sayındakı azalma ölkəyə valyuta axınına, biznes mühitinə və iqtisadi canlanmaya da mənfi təsir göstərir.
Turist axınının azalması Azərbaycan iqtisadiyyatına uzunmüddətli dövrdə hansı təsirləri göstərə bilər? Quru sərhədlərinin bağlı qalması turizm sektoruna nə dərəcədə təsir edir və bu vəziyyətdən çıxış yolu nədir? Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Turist axınının azalması uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatına bir neçə istiqamətdə mənfi təsir gös tərə bilər. İlk növbədə, ölkəyə daxil olan xarici valyutanın həcmi azalır. Turistlər hotellərdə, restoranlarda, nəqliyyatda, ticarət mərkəzlərində və əyləncə sektorunda xərclər etdikləri üçün onların sayının azalması xidmət sektorunun gəlirlərini zəiflədir. Bu isə xüsusilə turizmdən asılı olan kiçik və orta sahibkarların fəaliyyətinə təsir edir, bəzi hallarda iş yerlərinin azalmasına səbəb olur. Turizm sektorundakı geriləmə investisiya marağını da azalda bilər. Xarici investorlar turist axınının zəiflədiyi bazarlarda yeni hotel, istirahət mərkəzi və xidmət layihələrinə daha ehtiyatla yanaşırlar. Bundan əlavə, turizm ölkənin beynəlxalq imicinə və iqtisadi fəallığına təsir edən vacib sahələrdən biridir. Uzun müddətli azalma qeyri-neft sektorunun inkişaf tempini də zəiflədə bilər.
Quru sərhədlərinin bağlı qalması turizm sektoruna ciddi təsir göstərən əsas amillərdən biri hesab olunur. Çünki qonşu ölkələrdən gələn turistlərin böyük hissəsi daha ucuz və rahat olduğu üçün quru nəqliyyatına üstünlük verir. Sərhədlərin bağlı qalması həm turist sayını azaldır, həm də regionlarda yerləşən hotellər, restoranlar və ticarət obyektlərinin gəlirlərinə mənfi təsir edir. Xüsusilə Gürcüstan, Rusiya, İran və digər yaxın ölkələrdən gələn turist axınında azalma müşahidə olunur. Çıxış yolu kimi mərhələli şəkildə quru sərhədlərinin açılması, elektron viza prosedurlarının daha da sadələşdirilməsi, xidmət qiymətlərinə nəzarətin gücləndirilməsi və turizm xidmətlərinin keyfiyyətinin artırılması vacib sayılır. Eyni zamanda, beynəlxalq reklam kampaniyalarının genişləndirilməsi və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi də turist axınının bərpasına kömək edə bilər".
Zeynəb Mustafazadə