Şakir Ağayev: "WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" – ÖZƏL

"Artıq mayın 17-dən başlayan və bu gün başa çatan şəhərsalma forumu - WUF13-ün son günüdür. Demək olar ki, altı gün davam edən bu forum çərçivəsində Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində ən yaxşı nümunələrdən biridir. Azərbaycan bunu daha əvvəl COP29 zamanı da nümayiş etdirmişdi, indi isə yenidən göstərdi".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib: "Xüsusilə qeyd etmək lazımdır ki, şəhərsalma forumu çərçivəsində ilk dəfə liderlərin zirvə görüşü keçirildi və bu, məhz Azərbaycanın təşəbbüsü ilə baş tutdu. Müxtəlif ölkələrin rəhbərlərinin, prezidentlərin, baş nazirlərin və digər liderlərin tədbirdə iştirakı Azərbaycanın beynəlxalq imicinin və siyasi nüfuzunun nə qədər yüksək olduğunun göstəricisidir. Forum müddətində müxtəlif konfranslar və tədbirlər təşkil olundu. Azərbaycanın bu tədbirləri canlı, effektiv və yüksək səviyyədə keçirməsi diqqət çəkdi. COP29-da olduğu kimi, burada da bir sıra ilk qərarlar qəbul edildi. Xüsusilə şəhərsalma forumu üçün ilk dəfə Bakı mükafatının təsis edilməsi də mühüm hadisələrdən biri oldu. Bütün bunlar Azərbaycanın tədbiri nə qədər yüksək səviyyədə təşkil etdiyini və ölkənin beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Bu gün, səhv etmirəmsə, Bolqarıstan prezidenti də liderlər sammitində iştirak edib. Onun "Azərbaycanda bu tədbirdə iştirak etdiyim üçün fəxr edirəm" deməsi xüsusilə diqqət çəkən məqamlardan idi. Avropa dövlətinin lideri tərəfindən belə bir fikrin səsləndirilməsi Azərbaycanın beynəlxalq imicinin və siyasi nüfuzunun daha bir göstəricisidir".

"Azərbaycan son dövrlərdə həm regionda, həm də beynəlxalq səviyyədə çox çevik diplomatik addımlar atır. İstər sülhlə bağlı təşəbbüslərdə, istərsə də mövcud enerji və iqtisadi böhran şəraitində Azərbaycanın irəli sürdüyü təkliflər və tutduğu mövqe xüsusi diqqət çəkir. Nəzərə almaq lazımdır ki, bu forum çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən şəhərsalma layihələrinin də təqdimatı keçirildi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında görülən işlər bir daha bütün dünyaya Azərbaycanın iqtisadi gücünü nümayiş etdirdi. Çünki Azərbaycan qısa müddət ərzində erməni işğalı nəticəsində tamamilə dağıdılmış şəhər və kəndləri yenidən bərpa etməyə nail olur. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də WUF tədbirlərindən birində qeyd etmişdi ki, Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, 300-dən çox kənd, qəsəbə və yaşayış məntəqəsi tamamilə dağıdıldığı halda, onların hamısını eyni vaxtda yenidən bərpa edir. Bu isə həqiqətən də dünyada nadir nümunələrdən biridir. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü və potensialını göstərir. Eyni zamanda, Azərbaycan diplomatiyası forum çərçivəsində çağırış etdi ki, bu ərazilərə investisiyaların yatırılması çox vacibdir. Sözsüz ki, bu da ölkənin iqtisadi potensialının daha da artmasına, şəhər və kəndlərin inkişafına mühüm töhfə verəcək", - deyə ekspert qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31