Ermənistan yenə təhlükəli oyun oynayır- ÖZƏL
15:48 SiyasətErmənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi proseslər adi seçki mübarizəsi çərçivəsindən çıxaraq daha təhlükəli və dramatik xarakter almağa başlayır. Artıq söhbət yalnız hakimiyyət uğrunda daxili rəqabətdən getmir. Ermənistan seçkiləri getdikcə Qərblə Rusiya arasında açıq geosiyasi qarşıdurmanın yeni cəbhəsinə çevrilir. Bu gün İrəvan faktiki olaraq böyük güclərin maraqlarının toqquşduğu siyasi laboratoriyaya bənzəyir. Bir tərəfdə Ermənistanı Rusiyanın təsir orbitindən çıxarmağa çalışan Qərb, digər tərəfdə isə Cənubi Qafqazda strateji mövqelərini itirmək istəməyən Kreml dayanır. Məhz buna görə Ermənistanda keçiriləcək seçkilər regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək əsas siyasi mərhələlərdən biri hesab olunur.
Kreml artıq Paşinyana inanmır
Son dövrlərdə Moskvanın İrəvana münasibətində nəzərəçarpacaq sərt dönüş baş verir. Əgər əvvəllər Kreml Baş nazir Nikol Paşinyan ilə münasibətlərdə ehtiyatlı diplomatik ton saxlayırdısa, indi artıq açıq xəbərdarlıq mərhələsinə keçib. Bunun ən bariz nümunəsi Rusiya Təhlükəsizlik Şurası çərçivəsində yalnız Ermənistan məsələsinə həsr olunan xüsusi toplantının keçirilməsi oldu. Bu, əslində Moskvadan İrəvana verilən ciddi siyasi siqnaldır. Toplantıda Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyini açıq şəkildə Rusiyadan uzaqlaşmaqda, Qərbə inteqrasiya xətti yürütməkdə və Moskvanın strateji maraqlarını nəzərə almamaqda ittiham edib.Əslində Şoyqunun çıxışı adi diplomatik bəyanat deyildi. Bu, Kremlin Ermənistan hakimiyyətinə ünvanladığı siyasi ultimatum xarakteri daşıyırdı.
Moskvanın əsas qorxusu: "ikinci Ukrayna" ssenarisi
Kreml hesab edir ki, Qərb Ermənistanı tədricən Rusiyaya qarşı yeni geosiyasi platformaya çevirmək istəyir. Moskvanın ən böyük narahatlığı isə İrəvanın Ukrayna və Moldova ssenarisinə uyğun şəkildə Qərb orbitinə daxil olmasıdır. Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması, ABŞ və Böyük Britaniya ilə strateji tərəfdaşlıq sənədləri imzalaması, NATO ölkələri ilə hərbi təlimlər keçirməsi, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması, Rusiya iqtisadi operatorlarına təzyiqlərin artması, Kremldə artıq "strateji xəyanət" kimi qəbul olunur. Xüsusilə ABŞ-Ermənistan "Qartal tərəfdaşlıq" hərbi təlimləri və Qərb təhlükəsizlik strukturları ilə əməkdaşlığın genişlənməsi Rusiyanın qırmızı xəttinə toxunur. Moskva anlayır ki, Ermənistan tam şəkildə Qərb platformasına keçərsə, bu. Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsi, İran sərhədinə yaxın yeni Qərb təhlükəsizlik xəttinin yaranması, Zəngəzur bölgəsində geosiyasi balansın dəyişməsi, Türkiyə-Azərbaycan tandeminin bölgədə daha da güclənməsi ilə nəticələnə bilər.
Ermənistan yenə təhlükəli oyun oynayır
Tarix göstərir ki, Ermənistanın balanssız və avantürist xarici siyasəti regionda heç vaxt sabitlik yaratmayıb. Əksinə, İrəvan daim böyük güclər arasında manipulyasiya siyasəti yürüdərək bölgəni geosiyasi qarşıdurma meydanına çevirib. Bu gün də eyni tendensiya davam edir.Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılı qalır, digər tərəfdən isə Qərbə inteqrasiya görüntüsü yaradır. Lakin bu siyasət uzunmüddətli perspektivdə Ermənistanı daha dərin böhrana sürükləyə bilər.Çünki Ermənistanın iqtisadi sistemi hələ də böyük ölçüdə Rusiyadan asılıdır.
Kremlin "iqtisadi mesajı": Ermənistan nəyi itirə bilər?
Sergey Şoyqunun çıxışında ən diqqətçəkən məqamlardan biri də iqtisadi asılılıq faktorunun xüsusi vurğulanması idi.Moskva faktiki olaraq İrəvana xatırlatdı ki, Ermənistanın xarici ticarətinin əsas hissəsi Rusiyanın payına düşür; enerji təhlükəsizliyi böyük ölçüdə Rusiyadan asılıdır; qaz Ermənistana güzəştli qiymətlə verilir; kənd təsərrüfatı ixracının böyük hissəsi Rusiya bazarına gedir; Ermənistan vətəndaşları Rusiyada xüsusi kvota olmadan işləyirlər; milyardlarla dollar pul köçürməsi Ermənistan iqtisadiyyatını ayaqda saxlayır. Kremlin bu mesajının əsas mahiyyəti aydındır. Əgər İrəvan indiki kursu davam etdirərsə, Moskva Ermənistan üçün həyati əhəmiyyət daşıyan iqtisadi rıçaqları işə sala bilər. Kreml açıq deməsə də, artıq Ermənistana "strateji seçim vaxtı çatıb" mesajını verir.
Ermənistan "iki toyda oynaya" bilməz
Rusiya rəsmilərinin son açıqlamalarında ən çox təkrarlanan fikir budur: Ermənistan həm Avrasiya İqtisadi İttifaqında qalaraq Rusiyanın iqtisadi üstünlüklərindən yararlana, həm də Avropa Birliyinə inteqrasiya edə bilməz. Bu, əslində Kremlin son xəbərdarlığıdır.Vladimir Putin və Rusiya XİN rəhbərliyi artıq açıq şəkildə bildirirlər ki, Ermənistanın "ikiqütblü siyasəti" qəbul edilməyəcək. Başqa sözlə, Moskva İrəvanı seçim etməyə məcbur edir ki, ya Rusiya təhlükəsizlik sistemində qalmaq, ya da Qərb platformasına keçmək. Ortada üçüncü yol getdikcə daralır.
Paşinyanın əsas problemi: etimad böhranı
Paşinyan seçki öncəsi Rusiyaya qarşı olmadığını göstərməyə çalışır. O, Prezident Vladimir Putin ilə dost münasibətlərindən danışır, Moskvanın maraqlarına hörmət etdiyini bildirir və kəskin addımlar atmayacağını vəd edir. Lakin görünən budur ki, Kreml artıq bu mesajlara inanmır. Moskva hesab edir ki, Paşinyan Qərbə inteqrasiya kursunu strateji xətt kimi seçib və sadəcə vaxt qazanmağa çalışır. Bu isə Kremlin seçkiyə qədər Ermənistana təzyiqləri daha da artıracağı ehtimalını gücləndirir.
Seçki Cənubi Qafqazın gələcəyini müəyyən edə bilər
Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili hakimiyyət dəyişikliyi məsələsi deyil. Bu seçkilər- Cənubi Qafqazın geosiyasi istiqamətini, Rusiya-Qərb qarşıdurmasının regional miqyasını, Azərbaycan-Ermənistan sülh prosesinin taleyini, Zəngəzur dəhlizi ətrafındakı balansı, Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələsini birbaşa təsir altına ala bilər. Ən təhlükəli məqam isə budur ki, Ermənistan yenidən böyük güclərin geosiyasi oyununda alətə çevrilmək riski ilə üz-üzədir. Tarix isə göstərir ki, İrəvan belə oyunların sonunda ən çox itirən tərəf olur.
Bu gün Ermənistanda seçki kampaniyası yox, geosiyasi savaş gedir. Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışır. Kreml isə Cənubi Qafqazda strateji məğlubiyyətə imkan verməmək üçün bütün vasitələri işə salır. Paşinyan hakimiyyəti isə iki fərqli geosiyasi qütb arasında balans yaratmağa çalışsa da, proseslər göstərir ki, bu balans siyasəti artıq son həddə çatıb. Odur ki, İrəvan tarixi seçim qarşısındadır. Lakin Ermənistanın ən böyük problemi odur ki, o, hələ də reallıqla geosiyasi illüziyalar arasında tərəddüd edir.
Mürtəza Bünyadlı
Siyasi şərhçi