Futbol azarkeşlərini yuxusuz gecələr gözləyir - Dünya çempionatı BAŞLAYIR
16:48 İdmanFutbol üzrə 2026-cı il Dünya çempionatının ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə Şimali Amerika qitəsində təşkil olunması Yer kürəsinin digər nöqtələrində, xüsusən də Azərbaycanda yaşayan milyonlarla azarkeş üçün ciddi zaman sınağına çevrilir.
Turnirin keçiriləcəyi nəhəng coğrafiya Sakit okeandan Atlantik okeanına qədər bir neçə fərqli saat qurşağını əhatə etdiyi üçün oyunların yerli vaxtla günorta və axşam saatlarında baş tutması Bakı vaxtı ilə gecə yarısına və səhərə təsadüf edir.
Azərbaycanlı futbolsevərlər üçün matçların yayım qrafiki Bakı vaxtı ilə axşam saat 20:00 və 23:00-da başlasa da, qrup mərhələsinin və pley-off mərhələlərinin bir çox önəmli qarşılaşmaları gecə saat 02:00, 05:00, hətta səhər 07:00 və 08:00 kimi olduqca əlverişsiz vaxtlarda start götürəcək. Bu nəhəng zaman fərqi futbol azarkeşlərinin gündəlik həyat ritmini alt-üst etməklə yanaşı, bir sıra sosial və fiziki problemləri də bərabərində gətirir.
Mövzu ilə bağlı mundialın ölkəmizdəki yayım hüququna malik İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov "Yeni Sabah"a bildirib ki, qarşılaşmaların əlverişsiz saatlarda baş tutması kanalda nəzərə alınıb:
"Dünya çempionatının Bakı vaxtı ilə gecə saatlarında keçiriləcək qarşılaşmaların növbəti gün günorta saatlarında təkrarı nəzərdə tutulur. İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq, Azərbaycan tamaşaçısına mundialın açılış matçından final oyununa qədər bütün 104 qarşılaşmanı canlı yayımlayacağıq.
Bütün oyunların geniş icmalı operativ şəkildə İctimai TV-nin rəsmi "YouTube" kanalında yerləşdiriləcək. "Youtube"la bəzi qarşılaşmaların canlı yayımları da olacaq. Eyni zamanda, kanalın efirində hər gün günorta saatlarında həmin gecə keçiriləcək oyunların geniş icmalı təqdim ediləcək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlər məlum zaman fərqinə görə matçlardan uzaq düşməsinlər".
Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.