Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif edilib

Milli Məclisin plenar iclasında Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif edilib. "Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elçin Mirzəbəyli çıxış edib. Deputat çıxışında sözügedən ölkələrin parlamentlərinin Azərbaycanla bağlı qərəzli qətnamələrini pisləyib. E.Mirzəbəyli qeyd edib ki, həmin sənədlər nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir: "Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür.

Qətnamələrdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə istinad edildiyi halda, Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi, sözügedən qərəzli kağız parçalarının mahiyyətini ortaya qoyur. Bu təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır".

Deputat əlavə edib ki, sənədlərdə Azərbaycan və Ermənistan arasında əldə olunan mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadın olmaması, Vaşinqton prosesində nəticələrinin görməzdən gəlinməsi isə sistemli qərəzin nümayişidir: "Milli Məclisin açıqlamasında da daxil olaraq qeyd olunduğu kimi, qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31