"Stratfor"un Rusiya proqnozu: Ermənistana qarşı iqtisadi və hərbi rıçaqlar işə düşür? – ÖZƏL
16:39 Siyasət"Stratfor" beyin mərkəzinin hesabatına görə, Rusiya Ermənistanın Qərbə meyllənməsinin qarşısını almaq üçün İrəvana qarşı geniş rıçaqlarını (qaz qiymətləri, ticarət məhdudiyyətləri, Metsamor AES və Gümrü bazası) işə sala bilər. Xüsusilə Ermənistanın ABŞ dəstəkli TRIPP (Zəngəzur) dəhlizində iştirak istəyi və dəmir yolları üzərindəki nəzarət mübahisəsi Moskvanı sərt addımlara itələyir. Rusiyanın cavab tədbirlərinin miqyası 4-5 may tarixlərində keçiriləcək Aİ-Ermənistan sammitindən asılı olacaq.
"Stratfor"un proqnozlarına görə, Rusiyanın Ermənistana qarşı iqtisadi və hərbi rıçaqları işə salması nə dərəcədə realdır? Ermənistan üçün Qərb və Rusiya arasında balans siyasəti hələ də mümkündürmü, yoxsa?
"Stratfor tərəfindən verilən hesabatlar, əsasən, onların öz maraqları və Qərbin ümumi geosiyasi yanaşmaları çərçivəsində hazırlanır. Ermənistan isə artıq uzun müddətdir həm Rusiya, həm də Qərb ilə münasibətlərini balanslı şəkildə aparmağa çalışır və bunu bir çox analitiklər də təsdiqləyir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün Ermənistanın daxilində gedən proseslərə baxdıqda görürük ki, müxalifət, xüsusilə də keçmiş hakimiyyət nümayəndələri, hazırkı baş nazir Nikol Paşinyana qarşı ciddi mövqe sərgiləyirlər. Bu qüvvələrin Rusiya ilə müəyyən bağlılıqları da açıq şəkildə hiss olunur və qarşıdakı seçkilər fonunda onların aktivləşəcəyi gözləniləndir. Lakin bu, o demək deyil ki, Rusiya bu gün Paşinyanla münasibətləri tamamilə kəsmək və ya onu hakimiyyətdə görməmək istəyir. Əksinə, Rusiya yaxşı anlayır ki, Ermənistan hələ də iqtisadi baxımdan ondan ciddi şəkildə asılıdır. Bu asılılıq xüsusilə enerji, yanacaq və ümumi iqtisadi dəstək sahəsində özünü göstərir. Ermənistanın bu günə qədər müəyyən mənada ayaqda qalmasında Rusiyanın iqtisadi yardımlarının rolu danılmazdır. 44 günlük müharibədən sonra Ermənistan-Rusiya münasibətlərində müəyyən gərginlik yaransa da, Moskva yenə də İrəvana, xüsusilə iqtisadi sahədə, dəstəyini davam etdirir. Bu səbəbdən Ermənistanın yaxın perspektivdə Rusiyadan tam şəkildə uzaqlaşması real görünmür. Eyni zamanda, Ermənistan müstəqil dövlət kimi özünü iqtisadi baxımdan sığortalamaq üçün yeni istiqamətlər axtarır, regional layihələrdə iştirak etməyə çalışır. Bu kontekstdə TRIPP dəhlizi kimi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Müharibədən sonrakı dövrdə formalaşan iqtisadi layihələrdə iştirak Ermənistan üçün vacib prioritetlərdən biridir. Bununla belə, ölkə iqtisadiyyatının zəifliyi səbəbindən İrəvan hələ də Rusiyanın iqtisadi dəstəyinə ehtiyac duyur.
Ekspert əlavə edib ki, digər tərəfdən, Avropa Birliyi də Ermənistana müxtəlif maliyyə yardımları və subsidiyalar təqdim edir. Ermənistan isə bu dəstəyin qarşılığında müəyyən siyasi və institusional öhdəlikləri yerinə yetirməyə çalışır. Rusiyanın Ermənistanda təsir rıçaqları kifayət qədər genişdir. Bunlara Metsamor AES, ölkədə yerləşən hərbi baza və müxtəlif iqtisadi alətlər daxildir. Lakin əvvəlki illərlə müqayisədə Rusiyanın təsir imkanlarının müəyyən qədər zəiflədiyi də müşahidə olunur və Moskva da bunu anlayır. Buna baxmayaraq, Rusiya regionda mövqelərini qorumaq üçün həm hakimiyyətlə, həm də müxalif qüvvələrlə əlaqələri saxlayır. Amma reallıq ondan ibarətdir ki, hazırda müxalifətin ciddi təsir imkanları yoxdur və Paşinyanın mövqeyi daha dayanıqlı görünür.
"Digər vacib məqam isə odur ki, Azərbaycanın iştirakı ilə Ermənistanla sülh müqaviləsinin imzalanması və regional layihələrin həyata keçirilməsi baxımından Paşinyanın hakimiyyətdə qalması daha məqsədəuyğun hesab olunur. Bu səbəbdən, hətta Rusiya üçün də hazırkı mərhələdə Paşinyanın hakimiyyətdə olması müəyyən mənada sərfəlidir. Paşinyan özü də çalışır ki, həm Rusiya, həm də Qərb ilə balanslı siyasət apararaq mövqeyini qorusun və növbəti seçkilərdə müsbət nəticə əldə etsin. Əgər qeyd olunan regional layihələr, xüsusilə TRIPP dəhlizi reallaşarsa və Ermənistan bu layihələrdə aktiv iştirak edərsə, bu, ölkəyə ciddi iqtisadi gəlirlər gətirə və ümumi rifahın artmasına səbəb ola bilər", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova