Bu hadisə cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir”- Deputatdan açıqlama- ÖZƏL

"Bakıda baş verən dəhşətli hadisə hər birimizi ciddi şəkildə düşündürməlidir. Belə ki, 2011-ci il təvəllüdlü məktəblinin üzərinə sinif yoldaşı tərəfindən spirt tökülərək alışqanla yandırılması ilə bağlı məlumat yayılıb. Hadisəni törədən 2010-cu il təvəllüdlü məktəblinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu cür ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq sadəcə fərdi hal deyil, cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir. Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranışlarının, dəyərlərinin və münasibətlərinin formalaşdığı bir mühitdir. Bu mühitdə belə aqressiyanın ortaya çıxması xüsusi narahatlıq doğurur.
Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq, aqressiyanın səbəblərini vaxtında müəyyən etmək və qarşısını almaq son dərəcə vacibdir.
Bu cür hallar nə normallaşdırıla, nə də diqqətdən kənarda qala bilər. Uşaqlar arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır.
Unutmamalıyıq ki, bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər. Buna görə də hər birimiz bu məsələyə həssas yanaşmalı və cəmiyyət olaraq düzgün nəticələr çıxarmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31