Bakı-İrəvan xəttində yeni mərhələ: Siyasi qərarlar harada verilir?- ÖZƏL
16:22 Siyasət" Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında İstanbulda baş tutmuş görüş münaqişə tərəfləri arasında münasibətlərin nizama salınması ilə bağlı proseslərə siyasi konteksdə həlledici təsir imkanlarına malik deyil, zira parlamentlərin bu ölkələrin dövlət idarəedilməsi ilə bağlı məsələlərdə rolu və imkanları fərqlidir. Azərbaycanda respublika idarəediciliyi prezidentli, Ermənistanda isə parlamentli forması mövcuddur. Azərbaycanla müqayisədə Ermənistanda parlamentin hakimiyyətin icra orqanlarının fəaliyyətinə nəzarət imkanları daha geniş və çoxtərəflidir, hökümət parlament seçkilərinin nəticələrindən asılı olaraq formalaşır və parlament qarşısında prezidentli respublika idarəediciliyi ilə müqayisədə daha böyuk məsuliyyət daşıyır".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların tarixi də, göstərir ki, problemin həlli ilə bağlı məsələlərdə parlamentlərin rolu hakimiyyətin icra qanadı ilə müqayisədə qanunvericiliyin yol verdiyi ampluada olub. Problemin nizamı ilə bağlı məsələlərin müzakirəsi daha çox diplomatik kanallar, habelə təhlükəsizlik qurumlarının iştirakı ilə aparılıb. Münaqişə tərəfləri arasında münasibətlərin gələcək perspektivləri ilə bağlı məsələlərin həlli daha çox bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Seçkilərdə Paşinyanın rəhbərlik etdiyi "Mülki müqavilə" partiyasının qalib gələcəyi təqdirdə münasibətlərdə gərginliyin səngiməsinə, qarşılıqlı inam və etimadın formalaşmasına hədəflənən siyasi yumşalma prosesi davamlı olacaq və tərəflər arasında dayanıqlı sülhün əldə edilməsinə töhfəsini verəcək, Paşinyana opponentlik edən siyasi muxalifət isə hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla münasibətlərin format və məzmununa yenidən baxacağını bəyan edib ki, bu da regionda geosiyasi güc mərkəzləri arasında olan qarşıdurmanın reallıqları ilə bağlıdır".
Zeynəb Mustafazadə