NATO-nun Ankarada keçiriləcək sammitində əsas diqqət qəbul edilmiş qərarların praktik icrasına yönələcək - Baş katibin müavini

NATO-nun Ankarada keçiriləcək sammitində əsas diqqət qəbul edilmiş qərarların praktik icrasına yönələcək.

Trend xəbər verir ki, bunu NATO Baş katibinin müavini Radmila Şekerinska Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, müttəfiqlərin siyasi öhdəliklərini nümayiş etdirdiyi Haaqa sammitindən sonra əsas vəzifə qəbul olunmuş qərarların icrasıdır.

"Əgər Haaqa sammiti bizim öhdəliyimizi nümayiş etdirməli idisə, Ankara sammiti qəbul etdiyimiz qərarları həyata keçirmək qabiliyyətimizi göstərməlidir", - deyə o qeyd edib.

R. Şekerinska vurğulayıb ki, NATO ölkələri artıq müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması barədə razılığa gəliblər.

"Fərqli prioritetlərə malik 32 müttəfiq arasında kollektiv təhlükəsizlik və müdafiə xərclərinin görünməmiş dərəcədə artırılması məsələsində razılıq əldə etmək asan olmayıb", - deyə o bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sahəsində mövcud vəziyyət qətiyyətli addımlar tələb edir.

"Üzləşdiyimiz təhdidlər qərarların təxirə salınmasına icazə vermir - onlar konkret addımlar tələb edir", - deyə R. Şekerinska əlavə edib.

O qeyd edib ki, müttəfiqlər artıq real addımlar atırlar.

"Avropa müttəfiqləri və Kanadanın səylərini artırdıqlarını görürük. Baltikyanı ölkələr də daxil olmaqla bir sıra dövlətlər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb, Almaniya isə bu xərcləri demək olar ki, iki dəfə artırıb", - deyə o vurğulayıb.

R. Şekerinska müdafiə sənayesinin inkişafının vacibliyini də qeyd edib.

"Söhbət yalnız maliyyələşmədən getmir, həm də istehsalın artırılması, şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi və təchizat müddətlərinin qısaldılmasından gedir", - deyə o bildirib.

Onun sözlərinə görə, Ankara sammitində müdafiə sənayesi ilə əməkdaşlığa xüsusi diqqət yetiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31