ABŞ Konqresində “Tramp yolu” əleyhinə tədbir
10:33 SiyasətCənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq bəzi dairələr tərəfindən hələ də qəbul edilmir. Erməni Milli Komitəsi (ANCA) ABŞ Konqresində təşkil olunan "Cənubi Qafqazda ədalətsiz sülh" adlı tədbiri də buna sübutdur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ANCA "mövcud formada olan sülh sazişi erməni hərbi əsirlərin azad edilməsini tələb edən heç bir müddəanı, həmçinin Qarabağdakı minillik erməni xristian irsinin qorunması ilə bağlı Azərbaycana heç bir öhdəlik qoymur". ANCA iddia edir ki, sülh sənədində "evlərini tərk etməyə məcbur olmuş 150 min erməninin statusu da" əksini tapmayıb. Tədbirdə bildiriblər ki, "bu, iki tərəf arasında sülh danışıqları deyil. Bu, Azərbaycan tərəfindən Türkiyənin dəstəyi və Qərbin razılığı ilə Ermənistana diktə olunan tam kapitulyasiyadır".
ANCA TRIPP layihəsinin (şərti olaraq "Tramp yolu") əleyhinə çıxıblar, "layihəni zəif düşünülmüş və uğur şansı çox aşağı olan təşəbbüs" kimi qiymətləndiriblər. "Layihə həyata keçirilsə belə, Ermənistan bundan heç bir fayda əldə etməyəcək, əksinə sərhədləri və suverenliyi zəifləyəcək, ölkə özünü müdafiə etmək imkanlarını itirəcək" deyə, bildirilib.
Qeyd edək ki, ANCA Vaşinqtonda yerləşir və ABŞ-nin müxtəlif ştatlarında regional ofisləri var.ANCA-nı sadəcə diaspor təşkilatı kimi qiymətləndirmək kifayət deyil. Bu qurum ABŞ siyasi sistemində real təsir imkanlarına malik olan lobbi gücüdür və Cənubi Qafqazla bağlı qərarların formalaşmasında müəyyən rol oynayır.
Maraqlıdır ki, Rusiyanın "Nezavisimaya qazeta" nəşri də TRİPP layihəsi əleyhinə məqalə dərc edib. Qafqaz İnstitutunun tədqiqatçısı Qrant Mikaelyan nəşrə bildirib ki, "parlament seçkilərinə qədər TRIPP layihəsi haqqında danışmaq mənasızdır, əgər hakimiyyət dəyişərsə, dayandırıla bilər". O, həmçinin Donald Trampın gələcəyi ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkib. Mikaelyan qeyd etdi ki, müharibədən əvvəl də İran sərhədi yaxınlığında Amerika yolunun tikintisini istəmir.
Politoloq Karen İqityan isə nəşrə deyib ki, Nikol Paşinyan bu layihə vasitəsilə seçkilər ərəfəsində mövqelərini gücləndirməyə çalışır və etdiyi güzəştləri "sülh yolu" kimi təqdim edir. Ekspert hesab edirlər ki, ABŞ ilə İran arasında mümkün münaqişə fonunda belə bir layihənin həyata keçirilməsi çətin görünür. Hətta investor tapmaq belə problemli ola bilər.