Antalya Forumu: Azərbaycanın beynəlxalq rolunu önə çıxaran platforma - ÖZƏL
20:37 Siyasət"Azərbaycanın qlobal diplomatik forumlarda iştirakı, şübhəsiz ki, ölkənin beynəlxalq nüfuzunu gücləndirən mühüm amillərdən biridir. Çünki bu cür platformalarda müasir dünyanın qlobal və regional tendensiyalarının formalaşması prosesi gedir, onların perspektivləri müzakirə olunur və dövlətlərin bu proseslərə verə biləcəyi töhfələr müəyyənləşdirilir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bir növ, diplomatik forumlar hər bir ölkənin qlobal və regional trendlərə hansı potensialla qoşula biləcəyini nümayiş etdirdiyi mühüm meydandır. Bu baxımdan Azərbaycanın ortaya qoya biləcəyi imkanlar kifayət qədər genişdir. Belə ki, Azərbaycan artıq Avrasiyada, xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində yeni reallıqların formalaşmasında aparıcı rol oynayır. Xüsusilə Avrasiyanın enerji xəritəsinin dəyişməsində ölkəmizin mühüm payı var.
Eyni zamanda, bu gün qlobal düzənin formalaşmasına ciddi təsir göstərən əsas amillərdən biri olan Yaxın və Orta Şərqdəki münaqişələrlə bağlı Azərbaycanın balanslı və beynəlxalq hüquqa əsaslanan mövqeyi diqqət çəkir. Azərbaycan bu məsələlərdə hər hansı tərəfin deyil, beynəlxalq hüququn və sülhün tərəfdarı kimi çıxış edir. Bu yanaşmanı sərgiləyən ölkələrin sayının artması münaqişələrin daha tez həllinə real töhfə verə bilər.
Bu baxımdan Azərbaycanın bu cür forumlarda iştirakı həm ölkənin beynəlxalq rolunu daha da aktuallaşdırır, həm də qlobal proseslərə, o cümlədən Yaxın və Orta Şərqdə davam edən münaqişələrin həllinə münasibətdə mövqeyinin təsir imkanlarını nümayiş etdirməyə şərait yaradır.
Antalya Diplomatiya Forumunun ümumi roluna gəldikdə isə, burada nə həddindən artıq optimist, nə də onun əhəmiyyətini kiçildən yanaşma doğru olar. Müasir dünyada mövcud olan mürəkkəb problemlərin bir forum çərçivəsində tam həll olunması mümkün deyil. Lakin belə platformalar ən azı mühüm məsələlər - Yaxın Şərqdəki vəziyyət, iqlim dəyişiklikləri, Ukrayna müharibəsi kimi qlobal problemlərlə bağlı ölkələrin mövqelərini açıq şəkildə ifadə etməsi üçün vacib imkan yaradır.
Bu gün bir çox dövlətlərin qlobal proseslərlə bağlı aydın mövqe ortaya qoymaqdan çəkinməsi mənfi tendensiyadır. Halbuki, nə qədər çox ölkə konkret iradə nümayiş etdirsə, problemlərin həlli üçün bir o qədər geniş imkanlar formalaşa bilər.
Bu mənada Antalya Diplomatiya Forumu vahid həll mexanizmi təqdim etməsə də, ölkələrin mövqelərinin üzə çıxarılması və qarşılıqlı dialoqun genişlənməsi baxımından mühüm rol oynayır. Forum çərçivəsində səsləndirilən ideya, təklif və təşəbbüslərin qlobal sülhə az da olsa töhfə verəcəyi qənaətinə gəlmək mümkündür."
İbrahim Məmmədli