Antalya Diplomatiya Forumu sülh dialoqunun əsas platforması kimi önə çıxır - ÖZƏL
18:41 Siyasət"Birincisi, bu cür forumlar, adətən, sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir. İnsanlar müharibə və qarşıdurma meydanlarında deyil, məhz masa arxasında - diplomatik nəzakətin yüksək səviyyədə qorunduğu platformalarda üz-üzə gəldikdə, daha tez və daha effektiv şəkildə ortaq məxrəcə gələ bilirlər."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bu baxımdan Antalya Diplomatiya Forumu həqiqətən də əvəzsiz platformadır. Xüsusilə qeyd olunmalıdır ki, belə bir təşəbbüsün müəllifi qardaş Türkiyədir və bu, ayrıca təqdirəlayiq haldır. Eyni zamanda Azərbaycan da bu platformada ən fəal iştirak edən ölkələrdən biridir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətimizin forumda iştirakı bunu bir daha təsdiqləyir.
Ümumilikdə, bu kimi platformalar dayanıqlı sülhün təmin olunmasına ciddi təsir göstərir. Azərbaycan isə hər zaman belə təşəbbüslərə üstünlük verib. Biz daim çalışmışıq ki, bütün məsələlər məhz masa arxasında, qarşıdurmadan uzaq şəkildə həll olunsun və əksər hallarda buna nail olmuşuq.
Təbii ki, Ermənistanla münasibətlər bu baxımdan istisna təşkil edir. Belə ki, müəyyən mərhələlərdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün məsələləri hərbi müstəvidə həll etməyə məcbur olub. Lakin digər dövlətlərlə - istər yaxın, istər uzaq, istərsə də qonşu və ya qeyri-qonşu ölkələrlə münasibətlərdə problemlər əsasən dinc və diplomatik yollarla həll edilib.
Bu mənada Azərbaycan hər zaman Antalya Diplomatiya Forumunun ruhuna uyğun davranıb, bu gün də belədir və gələcəkdə də bu xətt davam etdiriləcək. Məhz buna görə də Azərbaycanın bu platformada fəal iştirakı xüsusi diqqət çəkir."
İbrahim Məmmədli