Qlobal iqtisadi rifahın daha ədalətli bölüşdürülməsinin təmin edilməsi son dərəcə vacibdir - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Hakan Fidan davamlı sülhün təmin olunması, ədalətli iqtisadi inkişaf və müasir çağırışlara effektiv cavab verilməsi üçün qlobal səviyyədə uzlaşdırılmış addımların hazırlanmasının vacibliyini bəyan edib.

Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

"Sülh prosesləri onların pozulmasına çalışan qüvvələrin öhdəsinə buraxılmamalıdır. Beynəlxalq ictimaiyyət möhkəm siyasi iradə nümayiş etdirməli və bu proseslərin sabotajına yol verməməlidir",- deyə o vurğulayıb.

Onun sözlərinə görə, qlobal iqtisadi rifahın daha ədalətli bölüşdürülməsinin təmin edilməsi son dərəcə vacibdir. Nazir eyni zamanda qeyd edib ki, süni intellektin sürətli inkişafı bərabərsizliyi artıran və struktur işsizliyə səbəb ola bilən yeni faktora çevrilir.

"Bu texnologiyaların bəşəriyyət tərəfindən ümumi razılıq əsasında istifadə olunmasını təmin etmək lazımdır ki, heç bir region kənarda qalmasın", - deyə Fidan bildirib.

Türkiyənin XİN rəhbəri qlobal təhdidlərə qarşı paralel mübarizənin, ilk növbədə iqlim dəyişikliyi və quraqlıqla mübarizənin vacibliyinə də diqqət çəkib.

"İqlim dəyişikliyi və quraqlıq insan həyatının bütün sahələrini əhatə edən ekzistensial problemə çevrilib. Əgər bu gün bəşəriyyət məsuliyyət və resursların ədalətli bölüşdürülməsi sistemini qura bilməsə, artıq 10 ildən sonra iqlim prosesləri daha az idarəolunan və xeyli daha dağıdıcı olacaq",- deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31