Pentaqonun "Kuba ssenarisi": Qlobal təhlükəsizlikdə yeni qeyri-müəyyənlik dalğası – ÖZƏL
15:07 Siyasət"ABŞ-də Donald Tramp administrasiyasının xarici siyasət prioritetlərinin dəyişməsi ilə bağlı yayılan məlumatlar, xüsusilə Pentaqon tərəfindən Kuba istiqamətində mümkün hərbi ssenarilərin hazırlanması xəbərləri beynəlxalq münasibətlər sistemində yeni gərginlik ocaqlarının formalaşa biləcəyini göstərir. Bu yanaşma bir neçə mühüm geosiyasi nəticə doğura bilər."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, ABŞ-nin "prioritetlərin yer dəyişməsi" siyasəti qlobal təhlükəsizlik arxitekturasında qeyri-müəyyənliyi artırır. İran məsələsindən sonra Kubanın hədəfə çevrilməsi rəsmi Vaşinqtonun xarici siyasətində ardıcıl strategiyadan daha çox situativ və güc əsaslı qərarların üstünlük təşkil etdiyini göstərir. Bu isə regionlarda yeni "hərbi poliqonlar"ın yaranması riskini artırır.
Əsas mühüm məqam Rusiya aktorudur. Kuba tarixən Rusiyanın Qərb yarımkürəsində əsas geosiyasi dayaqlarından biri olub. ABŞ-nin bu istiqamətdə mümkün hərbi aktivliyi Moskva tərəfindən birbaşa strateji təhdid kimi qiymətləndirilə bilər və bu, böyük güclər arasında yeni qarşıdurma mərhələsinə yol aça bilər.
"Başqa bir tərəf isə ABŞ-nin beynəlxalq imici ilə bağlıdır. İranla mümkün qarşıdurma və ya müharibə fonunda Vaşinqtonun növbəti hərbi gündəmlər formalaşdırması onun "qlobal sabitlik təminatçısı" imicini zəiflədə bilər. Bu cür addımlar anti-Amerika mövqeyində olan qüvvələrin konsolidasiyasına, yeni siyasi və hətta hərbi bloklaşmaların yaranmasına səbəb ola bilər.
Hesab edirəm ki, ABŞ-nin Kubaya yönəlik mümkün hərbi planları yalnız regional deyil, qlobal miqyasda güc balansına təsir göstərə biləcək riskli tendensiyaların göstəricisidir. Bu prosesin inkişafı beynəlxalq hüquq, diplomatik mexanizmlər və çoxtərəfli dialoq çərçivəsində diqqətlə izlənilməlidir," - deyə, B.Quliyev əlavə edib.
Səidə Ramazanova