Azərbaycanın “platforma dövlət” statusu güclənir- Bakıda yeni strateji qərargah- ÖZƏL

"Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılması sıradan institusional qərar deyil, bu, Azərbaycanın beynəlxalq sistemdə "platforma dövlət" statusunu daha da möhkəmləndirən strateji addımdır. Son illər Bakı yalnız enerji və nəqliyyat qovşağı kimi deyil, həm də siyasi dialoq mərkəzi kimi formalaşmağa çalışırdı və bu qərar həmin xəttin məntiqi davamıdır. Qərargahın məhz Bakıda yerləşməsi Azərbaycanın Qoşulmama Hərəkatı daxilində liderlik iddiasını institusional çərçivəyə salır və ölkəni qərarların müzakirə olunduğu deyil, formalaşdırıldığı məkana çevirir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu, eyni zamanda Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun effektivliyinin təsdiqidir. Qərb və Şərq arasında manevr edən, regional güc mərkəzləri ilə paralel işləyə bilən Bakı üçün belə bir strukturun ev sahibliyi etmək əlavə diplomatik üstünlüklər yaradır. Başqa sözlə, Azərbaycan artıq təkcə iştirakçı deyil, gündəmi müəyyən edən aktora çevrilmək imkanı qazanır.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin aktivləşməsi isə qlobal siyasi balansda yumşaq güc faktorunun artmasına gətirib çıxara bilər. Bu platforma klassik dövlətlərarası diplomatiyadan fərqli olaraq parlament diplomatiyasını önə çəkir və inkişaf etməkdə olan ölkələrin koordinasiyasını gücləndirir. Belə bir strukturun fəallaşması qlobal miqyasda daha inklüziv müzakirə mühitinin formalaşmasına, müxtəlif regionların maraqlarının daha sistemli şəkildə ifadə olunmasına şərait yaradır.
Nəticə etibarilə, Bakının bu prosesin mərkəzinə çevrilməsi Azərbaycanın diplomatik kapitalını artıran, onu beynəlxalq siyasi dialoqun əsas ünvanlarından birinə çevirən mühüm geosiyasi qazancdır. Bu, uzunmüddətli perspektivdə Azərbaycanın qlobal siyasətdə çəkisini artıran və çoxtərəfli əməkdaşlıq platformalarında rolunu daha da gücləndirən bir inkişaf kimi qiymətləndirilə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31